.

Qardabani Gənclər Mərkəzi azərbaycanlı gənclərin təhsil karyerasına mühüm dəstək göstərir

27.07.2022

Gürcüstandakı Qardabani Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən kurslar Qardabani rayonunda yaşayan azərbaycanlı gənclərin təhsil həyatında önəmli rol oynayır.

Mərkəzin icraçı direktoru Hacı Hacıyev bilirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu layihə 3 ildir həyata keçirilir. “Bu yaxınlarda növbəti kursların buraxılış mərasimi keçirildi. Hər il 100 nəfər gəncə sertifikat təqdim edilir. Digər fənnlərlə yanaşı, gürcü və ingilis dilləri də tədris olunur. Müsbət nəticələr göz önündədir. Azərbaycanlı uşaqların gürcü və ingilis dili bilikləri xeyli artıb”, - icraçı direktor söyləyib.

Kursların müdavimləri Çiyalə Osmanova, Ramiz Osmanov və Esmira Əliyeva kursların fəaliyyətini və mərkəzdəki şəraiti yüksək qiymətləndiriblər.

“Kursu müvəffəqiyyətlə bitirib, sertifikat almağın sevincini yaşayırıq. Əsas riyaziyyata maraq göstərirdim. Bu fənn üzrə biliklərimin artırılmasında kursun çox böyük əhəmiyyəti oldu. Orta məktəbdə gürcü dili fənnini keçsəm də, ünsiyyət imkanım yox idi. Kurslar mənə gürcü dilində ünsiyyət imkanı yaratdı və bu dildə sərbəst danışmağıma təsir etdi. Mərkəzdə çox gözəl mühit hökm sürür. Burada dostlar qazanmışam”, - deyə Çiyalə Osmanova bildirib.

Müdavim Ramiz Osmanov qeyd edib ki, kursa gələndə gürcü düilini yaxşı bilmirdi: “İndi dil bilgilərim orta səviyyəyə çatıb. Dili mükəmməl mənimsəyənə qədər kursa davam edəcəyəm”.

Artıq gürcü dilində müsahibələr verən müdavim Esmira Əliyeva deyib ki, kurs müəllimlərinin tədris metodikasından çox razıdır: “Kurslar gürcü dilində sərbəst danışmağıma kömək etdi, ingilis dilində biliklərimi inkişaf etdirdi, mənə yaxşı dostlar qazandırdı. Qardabani Gənclər Mərkəzində gənclərə yaradılmış şəraitdən çox razıyam”.