.

Komitə sədri tanınmış idmançı Nəriman Abbasovla görüşüb

26.07.2022

Diasporla Iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qarışıq döyüş sənəti (MMA) üzrə peşəkar döyüşçü, yüngül çəkidə "AMC Fight Nights" çempionu Nəriman Abbasovla görüşüb.

Qonağı salamlayan Komitə sədri bu ilin iyun ayında çempionluq titulu uğrunda Moskvada keçirilən "AMC Fight Nights"da növbəti parlaq qələbə qazanması münasibətilə Nəriman Abbasovu təbrik edib. Rusiya təmsilçisi Marif Pirayevlə “ilin oyunu”nun vətənimizdə və xaricdə yaşayan soydaşlarımız arasında maraqla izləndiyini söyləyən Komitə sədri qonşu ölkədəki diasporumuzun idmançımıza güclü azarkeş dəstəyi göstərdiyini məmnunluqla vurğulayıb. Soydaşlarımızın və diaspor üzvlərimizin hər zaman idmançının müxtəlif ölkələrdəki çıxışlarına dəstək göstərməyə hazır olduğu nəzərə çatdırılıb, ona bundan sonrakı karyerasında davamlı uğurlar arzulanıb.

Təbrikə və xoş diləklərə görə minnətdarlığını bildirən Nəriman Abbasov gələcək planları ilə bağlı fikirlərini bölüşüb və sentyabrda ABŞ-ın Las Veqas şəhərində baş tutacaq yarışa qatılacağını bildirib.

Qeyd edək ki, Nəriman Abbasov 1 fevral 1994-cü il tarixində Bakıda anadan olub. Qarışıq döyüş sənəti üzrə peşəkar döyüşçü kimi karyerasına 2013-cü ildə başlayıb. Nomad MMA N1 PRO kəmər sahibi (2014), 2 qat WMMAF versiyasında MMA üzrə dünya çempionu (2015, 2017), Dünya Kuboku çempionu (2018), MMA üzrə Avrasiya çempionu (2015) olub. 2021-ci ildə Moskvadakı “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələrək çempion olub və 2022-ci ildə çempionluq titulunu təkrar qazanıb. 2022-ci ildən etibarən Azərbaycanı UFC idman turnirində təmsil edir.