...

Niderland mediasında ağdamlı soydaşımızın müharibə hekayəsindən bəhs edilib

04.07.2022

Niderland Krallığının “oorlogsverhalen.com” xəbər portalında Azərbaycanın Ağdam rayonuna həsr olunmuş sənədli film yayımlanıb.

Sənədli film Niderlandda fəaliyyət göstərən “Birlikdə güclüyük” Fondunun təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

Niderlanddakı “Müharibə hekayələri” Fondu ilə birgə həyata keçirilən layihə Azərbaycanın I və II Qarabağ müharibələrində məruz qaldığı fəlakətlər, erməni işğalçıları tərəfindən törədilmiş vəhşətlər, dinc azərbaycanlıların həyatlarının məhv edilməsi kimi ağır problemlərə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədi daşıyır. Ağdam rayonuna həsr edilmiş sənədli film layihənin bir hissəsidir. Müharibənin acı hekayələri şahidlərin vasitəsilə təqdim edilir.

Filmdə Ağdamda anadan olmuş, hazırda Niderlandda yaşayan, “Birlikdə güclüyük” Fondunun təsisçisi İlkanə Qocanın (İlkanə Yusifova-van den Berq) müharibə hekayəsindən söhbət açılıb. İlkanə xanım I Qarabağ müharibəsində qardaşı Teymur Yusifovun itkin düşməsindən danışıb. Ailəsinin gənc qardaşının yaşadığına ümid edərək, taleyinin aydınlaşdırılması naminə hər vasitəyə əl atdığına, lakin illər sonra qardaşının silahdaşlarından onun həlak olduğu xəbərini alanda, bu ağır itkini necə yaşadıqlarına dair ağrılı-acılı xatirələrini bölüşüb.

Yalnız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qələbə qazanmasından sonra İ.Qocanın azad edilmiş Ağdamdakı ata yurduna səfər edə bildiyi, doğma evlərinin qalıqlarını tapması barədə görüntülər də filmdə yer alıb.

İlkanə xanım ata yurduna səfər etməkdə, sənədli filmin çəkilişində ona yardım etmiş aidiyyəti orqanlara və şəxslərə təşəkkürünü bildirib, düşmənin basdırdığı minalardan hələ də tam təmizlənməmiş Ağdama səfərin nə qədər çətin olmasına diqqəti cəlb edib.

Qeyd edək ki, “Müharibə hekayələri” Fondu dünyanın müxtəlif yerlərində müharibələrdə olmuş niderlandlılar haqqında sənədli filmlər çəkir. Müharibə həqiqətlərini geniş auditoriyaya çatdırmaq məqsədilə çəkilən filmlər Fondun əməkdaşlıq etdiyi yerli televiziya kanalları vasitəsilə də yayımlanır.

İlkanə Qocanın müharibə hekayəsini aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://oorlogsverhalen.com/oorlogsverhalen/ilkana-yusifova-van-den-berg/