...

Həmyerlimiz cüdo üzrə Fransa çempionu olub

23.06.2022

Nant şəhərində yaşayan soydaşımız Asiman Abbasov cüdonun GGB növü üzrə 18 iyun 2022 il tarixində Paris şəhərində keçirilən turnirdə qalib gələrək, ölkə çempionu titulunu qazanıb.

O, çempionata vəsiqəni Bordo şəhərində keçirilən turnir zamanı I yeri tutaraq əldə edib. Bu, 8 yaşından idmanla məşğul olan gənc həmyerlimizin növbəti uğurudur. İndiyədək dəfələrlə GGB, cüdo ve güləş üzrə departament, regional, ölkə cempionu olan həmyerlimiz Fransa vətəndaşı olmasına baxmayaraq, qatıldığı bütün yarışlarda Azərbaycan bayrağını dalğalandırır.

Asiman Adəm oğlu Abbasov 2001-ci ildə Azərbaycanda anadan olub. 2004-cü ildən ailəsi ilə birlikdə Fransanın Nant şəhərində yaşayır. 2019-cu ildə bu şəhərdəki Texnologiya Kollecini bitirib, sonra Nelson Mandela liseyində təhsilini davam etdirib. Hazırda ali məktəbdə 3-cü kurs tələbəsidir.

Diasporla İş üzrə Dövlət Komitəsi gənc və vətənpərvər soydaşımızı çempion titulunu qazanması münasibətilə təbrik edir, ona gələcək karyerasında davamlı uğurlar əldə etməyi arzulayır.