...

Batumi şəhərində futvole üzrə Dünya Çempionatının seçmə mərhələsinə yekun vurulub

20.06.2022

Çempionatın seçmə mərhələsi Beynəlxalq Futvole Federasiyasının (FWW) təşkilatçılığı ilə 2022-ci ilin 17-21 iyun tarixlərində baş tutub.
Beynəlxalq turnirə Azərbaycan, Türkiyə, İsrail, Braziliya və İran milli komandaları qatılıblar.
Azərbaycanın milli komandasının oyunçularının köynəklərində Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin və Tbilisi Alyans Mərkəzinin loqoları təsvir olunub.
Gürcüstandakı Azərbaycan icmalarının nümayəndələri yarışlarda iştirak edən mili komandamıza azarkeş dəstəyi nümayiş etdiriblər.
Yarışın ikinci günü mikslərin (qadın/kişi) qalibini aşkar etmək üçün final matçı baş tutub. İsrailin birinci və ikinci komandasının qızıl medal uğrunda mübarizəsi estetik oyunla müşahidə edilib. Şaluş/Ameliya cütlüyü əzmkar oyun sayəsində sonda qələbəni bayram edən tərəf olub.
Qrup mərhələsini aşan Fəyar Hüseynov və Namiq İsgəndərovdan ibarət Azərbaycan yığması 1/4 finalda Türkiyə səddini dəf edə bilməyib. Qardaş ölkə ilə yanaşı, Beynəlxalq Futvole Federasiyasının bayrağı altında baş tutan yarışın yarımfinalına Braziliya, İran və İsrail vəsiqə qazanıb.
Yarımfinalda Türkiyənin Cəmil Kor və Rəhman Yezdanidən ibarət millisinin latın amerikalılara ciddi müqavimət göstərməsinə baxmayaraq, sonda “sambaçılar” finala adlayıb. Finala adını yazdıran digər kollektiv isə “Road to Baku” şüarı ilə təşkil edilən turnirin startından öz oyunu ilə idmansevərlərin rəğbətini qazanan İsrail millisi olub.
Final görüşü zamanı tribunalara toplaşan xeyli sayda azarkeş əsl futvole şousuna tamaşa edib. Şaluş/Buskape cütlüyü Şavit və Diyeqo Maradonadan ibarət braziliyalılara finalda çətin anlar yaşadıb. Rəqibin ciddi müqaviməti ilə üzləşən Braziliya millisi ilk setdə məğlub olaraq azarkeşlərini üzüb. İkinci setdə oyunun axarını dəyişmək istəyən Şavit və Maradona seti əlavə xallara daşıyaraq, buna qismən nail olub. Lakin yorulmaq bilməyən israillilər tay-brekdə təzyiqi daha da artıraraq rəqibə qalib gəlib.
Bu turnirdə üçüncülüyü qazanaraq ilk dəfə futvoledə dərəcəyə girən Türkiyə yığması da öz oyunu ilə idmansevərlərin rəğbətini qazanıb.
Turnirin mükafatlandırma mərasimi zamanı Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov ən yaxşı könüllü seçilən uşağa xüsusi hədiyyə təqdim edib.
Qeyd edək ki, futvole üzrə Dünya Çempionatının növbəti seçmə turniri 30 iyun-3 iyul tarixlərində Türkiyənin Arsuz şəhərində keçiriləcək.