...

“Karabakh is Azerbaijan!” Milli Platformasının yaradılmasından 2 il ötür

10.06.2022

“Karabakh is Azerbaijan!” Milli Platformasının yaradılmasından 2 il ötür.

Milli Platformanın koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bu qərar 9 iyun 2020-ci ildə – Azərbaycan Diaspor Könüllülərinin və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə elan edilib. Bu addım Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha effektiv şəkildə çatdırılması, dünyada yaşayan gənclərimizin bu istiqamətdə maarifləndirilməsi, onların Vətənimizin təbliğ olunması işinə mütəşəkkil şəkildə səfərbər edilməsi məqsədilə atılıb.

Həmin tarixdən başlayaraq Milli Platformanın fəaliyyətinin təkmilləşdirilməsi, ölkəmizdə və dünyada yaşayan azərbaycanlı gənclərin platformaya cəlb edilməsi istiqamətində ardıcıl işlər aparılıb. "Karabakh is Azerbaijan!" Milli Platformasının beynəlxalq bölməsi, Türkiyə, Kanada, Niderland, Polşa, Moldova və İtaliya üzrə koordinatorluqları yaradılıb. 28 may 2021-ci ildə isə Türkiyədə Milli Platformanın nəzdində “Qarabağ Azərbaycandır!” Koordinəetmə Dərnəyi təsis edilib.

Diaspor könüllüləri, Milli Platforma üzvləri və xaricdə yaşayan azərbaycanlı gənclərin iştirakı ilə “Qarabağ Azərbaycandır!” şüarının dünyada təbliği kampaniyasına start verilib. Ermənistanın ölkəmizə qarşı işğalçı, təcavüzkar və terrorçu siyasəti, Tovuz hadisələri, Vətən müharibəsi, Ermənistan və Almaniya şirkətlərinin Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsi, media və dövlət qurumları əməkdaşlarının Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatların və Qərb siyasətçilərinin elektron ünvanlarına ingilis dilində ümumilikdə minlərlə müraciətlər göndərilib, dünya ictimaiyyətindən Ermənistan hakimiyyətinin qeyri-qanuni hərəkətləri ilə bağlı qətiyyətli addımlar atmaq tələb edilib.

Post-müharibə dönəmində 9 noyabr – Zəfər bayramı çərçivəsində “Karabakh is Azerbaijan” Milli Platforması və Diaspor Könüllülərindən ibarət 50 nəfərlik heyət Ağdam şəhərinə səfər edib, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib. Bundan başqa, platforma üzvləri tərəfindən bir sıra ölkələrdə Vətən müharibəsi qaziləri, azərbaycanlı və türkiyəli gənclərin iştirakı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 104-cü ildönümünə həsr olunmuş konfranslar keçirilib.

Qeyd edək ki, bu yaxınlarda Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının bir buraxılışı “Karabakh is Azerbaijan!” Milli Platformasının fəaliyyətinə həsr olunub. Həmin verilişi aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=_XvgCaES4Qs