...

Tbilisidəki "Qanun" hüquqi yardım mərkəzində görüş olub

09.06.2022

Gürcüstana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) məsul əməkdaşı Vüsal Məmmədov paytaxt Tbilisidə fəaliyyət göstərən "Qanun" hüquqi yardım mərkəzində görüş keçirib.

Görüşdə “Qanun" hüquqi yardım mərkəzinin təsisçisi, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri Əli Bədirov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov və “Alyans” Gənclər Mərkəzi İdarə Heyətinin üzvləri iştirak ediblər.

Görüş zamanı mərkəzin fəaliyyəti, Gürcüstanın müxtəlif rayon və kəndlərində soydaşlarımızın qarşılaşdığı hüquqi problemlər barədə məlumat verilib, bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, "Qanun" hüquqi yardım mərkəzi 14 may 2022-ci ildən fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hüquqi problemlərlə qarşılaşan soydaşlarımız mərkəzə müraciət edərək, təmənnasız hüquqi yardım almaq imkanına malikdir.

Mərkəzin ofisi Tbilisinin Kazbeqi küçəsi-44 ünvanında yerləşir.