...

Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin müdavimlərinə sertifikatlar təqdim edilib

08.06.2022

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində müxtəlif kursların məzunlarına sertifikatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Vüsal Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov, “Alyans” Gənclər Mərkəzi İdarə Heyətinin üzvləri və müdavimlər iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun salamlarını tədbir iştirakçılarına çatdıran V.Məmmədov DİDK-nın fəaliyyət istiqamətləri, həyata keçirdiyi layihələr, Dünya Azərbaycanlılarının V Qurultayında müəyyənləşdirilən strategiya barədə məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan dili, ədəbiyyatı və tarixinin tədrisi ilə bağlı tövsiyələrinə diqqəti cəlb edib, “Alyans” Gənclər Mərkəzinə və məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra mərkəsin nəzdindəki Azərbaycan, gürcü, ingilis, alman dilləri, Azərbaycan tarixi, rəsm və xalçaçılıq kurslarının 60-a yaxın məzununa sertifikatlar təqdim edilib.

Tədbirin sonunda “Alyans” Gənclər Mərkəzinin idarə heyətinin adından mərkəzin tələbələri Nana Bədəlovanın və Aygün Ramazanovanın “Nar bağı” adlı rəsm əsəri və “Xarı bülbül” adlı xovlu xalçası Diasporla İş üzrə Dövlət Komitəsinə hədiyyə edilib.

Görüş şərçivəsində DİDK əməkdaşlarına “Alyans” Gənclər Mərkəzinin, onun nəzdində fəaliyyət göstərən hüquqi yardım xidmətinin və kursların fəaliyyəti barədə məlumat verilib, gələcək planlar və digər təşkilatlarla əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.