...

İtaliyanın Korbetta şəhər meriyasında “Şuşa İli” qeyd edilib

06.06.2022

İtaliyanın Milan əyalətindəki Korbetta şəhər meriyasında “Şuşa İli”nə həsr olunmuş tədbir keçirilib.

Korbetta şəhər meri Marko Ballarinin dəvəti ilə Azərbaycan diasporunun fəal üzvü, bəstəkar-pianoçu Kəmalə Əlizadə və həyat yoldaşı Stefano Muscaritolo tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Kəmalə xanım 44 gün davam edən Vətən müharibəsində Azərbaycan dövlətini dəstəklədiyi və xalqımızla həmrəyliyini bildirdiyi üçün Marko Ballariniyə və Korbetta şəhər şurasına bir daha minnətdarlığını ifadə edib. Əslən şuşalı olduğunu vurğulayan bəstəkar qeyd edib ki, xalqımız 28 il Şuşa həsrəti ilə yaşayıb. 2008-ci ildə “İtirilmiş cənnət” əsərinin İtaliyanın Udine şəhərində ifası zamanı sanki Şuşaya qayıtdığını hiss etdiyini söyləyən K.Əlizadə bildirib ki, 2020-ci ilin 8 noyabr günü bütün azərbaycanlılar üçün çox əziz tarixə çevrilib, çünki həmin gün Azərbaycan Prezidenti İlham Əliyev qəhrəman hərbçilərimizin qədim Şuşa şəhərini işğaldan azad etdiyi xəbərini xalqımıza çatdırıb.

Hazırda tikinti-abadlıq işlərinin aparıldığı mədəniyyət paytaxtımızda beynəlxalq musiqi festivalları və tədbirlərin keçirildiyini deyən soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin adından zəngin mədəniyyətimizi əks etdirən milli suvenirlər, o cümlədən Qarabağın və Şuşanın azadlıq rəmzinə çevrilmiş “Xarıbülbül” nişanını meriyaya təqdim edib.

Tədbirin sonunda üzərində “Xarıbülbül”ün təsviri olan tort kəsilib.

Qeyd edək ki, Kəmalə Əlizadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2006-cı ildən İtaliyanın Modena şəhərindəki “İnstituto Superiore di Studi Musicali”-də təhsil alıb. Beynəlxalq müsabiqələr laureatı olan bəstəkarın əsərləri İtaliya, Niderland, Yeni Zelandiya, ABŞ, Çin, Yaponiya və başqa ölkələrdə ifa olunur. Xaricdəki solo konsertlərində milli musiqimizi təbliğ edən Kəmalə Əlizadə italyan bəstəkarı, musiqişünas və gitara ifaçısı Stefano Muskaritolo ilə evlidir.