...

Belarus paytaxtında Azərbaycan rəqsləri nümayiş etdirilib

03.06.2022

Minsk şəhərindəki Belarus Ədəbiyyatı Tarixi Dövlət Muzeyində Azərbaycan mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş tədbir keçirilib.

“Belarusun Azərbaycan İcmaları Konqresi” və Respublika Milli Mədəniyyətlər Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir bu ölkədə elan edilmiş “Tarixin yaddaş ili” çərçivəsində gerçəkləşdirilib.

Tədbirdə yerli ictimaiyyətin nümayəndələri, “Belarusun Azərbaycan İcmaları Konqresi”nin və gənclər qanadının üzvləri iştirak ediblər. “Odlar Yurdu” rəqs qrupunun rəhbəri Davud Zakirzadə qonaqlara Azərbaycanın zəngin mədəniyyəti, milli-mənəvi və multikultural dəyərləri barədə ətraflı məlumat verib.

Sonra “Odlar Yurdu” və “Sarı gəlin” rəqs qruplarının ifasında “Qafqaz”, “Turac”, “Qaval”, “Naz eləmə” milli rəqsləri təqdim edilib. Oğlanlardan ibarət rəqqasların, Olesya Kosoykina, Anna Veres və Davud Zakirzadənin məharətli ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.

Tədbir çərçivəsində ölkəmizin zəngin mədəniyyətini əks etdirən milli geyimlər, musiqi alətləri, kitablar, jurnallar və suvenirlər nümayiş etdirilib.