...

Münhen Azərbaycan Evində 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib

30.05.2022

Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 28 May – Müstəqillik Gününə və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin 5-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşdirilən tədbirdə diasporumuzun fəal üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və Azərbaycan Evinin rəhbəri Səttar Kərimov 104 il öncə ölkəmizin dövlətçilik tarixində önəmli hadisənin baş verdiyini bildirib, Müsəlman Şərqində ilk dünyəvi, demokratik respublikanın ölkəmizdə yaranması münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik edib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 23 ay ərzində ictimai-siyasi, sosial-iqtisadi, hərbi və humanitar sahələrdə islahatlar keçirdiyi, xalqımızın 1991-ci ilin payızında dövlət müstəqilliyini bərpa etdiyi, 1920-ci ildə işğalçı bolşeviklərin endirdiyi üçrəngli bayrağımızın 70 il sonra xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisinin sessiyasında dövlət bayrağı kimi qəbul edildiyi nəzərə çatdırılıb. Xalqımızın və dövlətimizin AXC qurucularının mirasına və xatirəsinə böyük ehtiramla yanaşdığı vurğulanıb.

Qeyd edilib ki, 5 illik fəaliyyəti dövründə Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi vətənimizin tarixi həqiqətlərinin alman ictimaiyyətinə çatdırılması, mədəni irsimizin təbliğ olunması istiqamətində çoxlu sayda tədbirlər və aksiyalar keçirib.

Tədbir Azərbaycanın Müstəqillik Gününə və Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin fəaliyyətinə həsr olunmuş videoçarxların nümayiş etdirilməsi ilə yekunlaşıb.