...

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının nümayəndə heyəti Ankarada mühüm görüşlər keçirib

27.05.2022

Ankara şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) nümayəndə heyətinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, dövlət qurumlarının və siyasi partiyaların təmsilçiləri ilə görüşləri keçirilib.

AKP qrup sədrinin müavini, millət vəkili Yılmaz Tunc, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, MHP qrup sədrinin müavini Erkan Akçay, millət vəkili Sayın Yaşar Karadağ, İYİ Partiyanın sədr müavini Rıdvan Uz, Miqrasiya (Köç) İdarəsinin Vətəndaş cəmiyyəti və xarici icmalarla əlaqələr idarəsinin rəhbəri Gökhan Yıldızla görüşlər zamanı TADEF-in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Azərbaycan icması ilə görüşdən məmnun olduqlarını bildirən millət vəkilləri və siyasi partiya mənsubları Azərbaycan-Türkiyə qardaşlığına böyük önəm verdiklərini, daim ölkəmizin yanında olduqlarını, regional hadisələrin Türkiyə-Azərbaycan əlaqələrinin daha da gücləndirilməsini zəruri etdiyini bildiriblər.

Miqrasiya İdarəsindəki görüş zamanı Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının aktual problemlərindən, xüsusilə şəxsiyyət vəsiqələri ilə bağlı məsələdən danışılıb. Bu problemlərin Miqrasiya İdarəsi və TADEF-in əməkdaşlığı ilə həll edilməsi razılaşdırılıb, sosial və mədəni tədbirlərin birgə təşkil olunması qərara alınıb.

Səfər çərçivəsində Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu, böyük öndər Mustafa Kamal Atatürkün məqbərəsi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadənin məzarı, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi minnətdarlıq və ehtiram hissi ilə ziyarət edilib.

Qeyd edək ki, nümayəndə heyətində TADEF sədri Ədalət Turan, sədrin müşaviri Pərviz Məmmədzadə, üzv dərnəklərin sədrləri – Ankara-Bakı Tanıtma və Həmrəylik Dərnəyinin sədri Səttar Kaya, İzmir-Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyinin sədri Eşref Tuna, Adana-Azərbaycan İş və Məslək Sahibi Qadınlar Dərnəyinin sədri Belkis Yakıcı, Ankara Azərbaycan Evi Dərnəyinin sədri Erdoğan Çeçen, İstanbul Türkiyə–Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Sefer Karakoyunlu, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyinin sədri Kəbutər Ər, Karabük Azərbaycanlılar Həmrəylik, Kültür və Sənət Dərnəyinin sədri Eşgin İsmail və iş adamı Hidayət Qulam təmsil olunublar.