...

Azərbaycan Diasporuna Dəstək Fondu “Karvan” qrupunun konsertinin keçirilməsini dəstəkləyib

26.05.2022

Bakıda 30 ildən sonra “Karvan” qrupunun “Əfsanə qayıdır” adlı konsert proqramı baş tutub.

Qrup 24-25 may tarixində sevilən ifaları ilə illər sonra Heydər Əliyev Sarayında tamaşaçı qarşısına çıxıb.

Gecədə Yevgeni Baxtini "Avroviziya" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, mərhum Sevil Hacıyevanı isə "Azərbaycanın səsi" müsabiqəsindən tanınan Emiliya Yaqubova əvəzləyib. "Qara gözlər", "Tufanla oynama", "Sarı güllər", "Polismen" və digər hit mahnılar tamaşaçılar tərəfindən dəfələrlə alqışlanıb.

Qeyd edək, qrupun Firuz İsmayılov, Mikayıl Vəkilov, Gülağa Cəbrayılov kimi bir çox üzvləri, həmçinin qrupun direktoru Sevinc Kərimova Azərbaycan diasporunun üzvləri olaraq Türkiyə, Almaniya, Rusiya və Amerika kimi ölkələrdə bu gün də fəaliyyətlərini davam etdirirlər. Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan azərbaycanlıların mədəniyyət mərkəzlərinə, teatr, musiqi ansambllarına və yaradıcı kollektivlərinə dəstək göstərmək siyasətinin davamı olaraq “Karvan” qrupunun konsertinin keçirilməsinə də öz töhfəsini verib.