...

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 104 illiyi münasibətilə konsert keçirilib

25.05.2022

Paris şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 104-cü ildönümü münasibətilə konsert keçirilib.

Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assossiasiyasının (ADA) təşkilatçılığı ilə gerçəkləşdirilib.

Tədbirdə Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türkiyə Cümhuriyyətinin Fransadakı səfiri Refik Ali Onaner, Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova, ADA-nın təsisçisi və Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən, diplomatik korpusun, yerli ictimaiyyətin, KİV-lərin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Konsert öncəsi ADA-nın baş katibi Mirvari Fətəliyeva qurumun prezidenti, Fransa Milli Assambleyasının üzvü Jerom Lamberin təbrik müraciətini Azərbaycan xalqına və qonaqlara çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova 1918-ci il 28 may tarixində müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan AXC-nin yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində həyata keçirilən tikinti-abadlıq işlərindən də bəhs edən diplomat nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci il "Şuşa İli” elan edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim Şuşa şəhərinin sürətlə yeni intibah dövrünə qədəm qoyduğu vurğulanıb.

Tədbirin bədii hissəsində qonaqlara Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyevanın və pianoçu-bəstəkar, professor Könül Hüseynovanın ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri, habelə Könül Hüseynovanın, Vahid Əzizin sözlərinə bəstələdiyi “Şuşam mənim”, Üzeyir Hacibəylinin “Arşın mal alan”, “Sevgili - canan”, Müslüm Maqomayevin “Azərbaycan” və digər musiqilər səsləndirilib.