...

Stokholm, İğdır və Daşkənddə Heydər Əliyevin 99 illiyi qeyd edilib

11.05.2022

İsveçin paytaxtı Stokholmda görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.

Ölkəmizin İsveçdə Krallığındakı səfirliyində təşkil olunan tədbirdə Azərbaycan diasporunun nümayəndələri də iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqil dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi xilaskarlıq missiyası barədə danışıb, onun ölkəmizin inkişafı üçün həyata keçirdiyi strateji xəttin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirib.

Tədbir tanınmış pianoçu, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aydın Ziyadlının konserti ilə yekunlaşıb.

* * *

Türkiyənin İğdır şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

İğdır Azərbaycan Evində gerçəkləşdirilən tədbirdə yerli ictimaiyyətin, Azərbaycan diasporunun tanınmış nümayəndələri, tələbə və ziyalılar iştirak ediblər.

Tədbirdə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, İğdır Azərbaycan Evinin rəhbəri, yazıçı-tədqiqatçı Ziya Zakir Acar, İğdır Universitetinin tələbə işləri üzrə dekanı Hakan Güngörməz və Azərbaycanın Qarsdakı Baş Konsulluğunun əməkdaşı Elnur Salayev çıxış ediblər. Bildirilib ki, Heydər Əliyevin Azərbaycan Respublikasının siyasi rəhbərliyinə qayıdışından sonra iki ölkə arasında münasibətlər onun “Bir millət, iki dövlət” prinsipi əsasında sürətlə inkişaf etməyə başlayıb.

Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib.

* * *

Daşkənd şəhərindəki “Hyatt Regency” hotelində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət orqanlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin, yerıi ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlardan danışıb. Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində ulu öndərin tarixi xidmətlərini yada salan səfir onun fəaliyyətinin inkişafa və rifaha yol açdığını vurğulayıb. Bildirib ki, Heydər Əliyevin ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin çiçəklənməsi, iqtisadi gücünün artırılması istiqamətində mühüm işlər görüb, Azərbaycan ordusunun Qarabağda parlaq qələbə qazanmasına nail olub.

Sonra “Azərbaycanı kəşf et” layihəsi çərçivəsində eyniadlı sənədli film təqdim edilib. Müstəqillik illərində Azərbaycanın qazandığı nailiyyətləri əks etdirən sənədli film Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Özbəkistanın “Saqich Creative Media” şirkəti tərəfindən hazırlanıb.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycanın qazandığı nailiyyətlərə həsr olunmuş sərgi nümayiş etdirilib.