...

Görkəmli alim Zərifə Əliyevanın xatirəsi yad edilib

28.04.2022

Bakıya səfər çərçivəsində Azərbaycan diasporunun nümayəndələri görkəmli oftalmoloq, akademik, Azərbaycanın əməkdar elm xadimi Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyi münasibətilə alimin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.

Benilüks Azərbaycanlıları Konqresi və “DAYAQ” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan ziyarət zamanı Ümumilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, məzarları önünə gül dəstələri düzülüb.

Xatırladaq ki, 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafına müstəsna xidmətlər göstərib. Oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmologii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olub. Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə “Azərbaycanın əməkdar elm xadimi” fəxri adına, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.