...

V Qurultayın Şuşada keçirilməsi dünya azərbaycanlılarını ruhlandırıb

04.05.2022

Müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları və soydaşlarımız Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsini yüksək qiymətləndirir.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradova ünvanlanan təbik məktubları sübut edir.

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Çinar” Azərbaycan Milli-Mədəni Mərkəzi” regional ictimai təşkilatının idarə heyətinin sədri Xeyransa Mirzəyevanın adından göndərilən məktubda deyilir:

“Hörmətli cənab Sədr!

Azərbaycanın ürəyi olan Şuşada V Qurultayın keçirilməsi münasibətilə Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” Azərbaycan Milli-Mədəni Mərkəzi” regional ictimai təşkilatının rəhbərliyi adından Sizi təbrik edirik.

Zəfər qurultayı adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı kimi mötəbər tədbirin keçirilməsi xəbəri sevindiricidir. Bu, sözsüz ki, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və respublikamızın mütərəqqi iqtisadi inkişafının sabitliyinə yönəlib. Öz növbəsində “Çinar” mədəni-maarif mərkəzi aktiv fəaliyyəti ilə Azərbaycandan uzaqda Azərbaycan mədəniyyətinin inkişafına və təbliğ olunmasına töhfələrini verir, milli mədəniyyətimizin, millətlərarası sülh və barışın qorunub saxlanması naminə gənclərimiz üçün maraqlı və mənalı tədbirlər keçirir. Ümumiyyətlə, bütün fəaliyyətimiz Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə və inkişafına xidmət edir.

Biz Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlığa ümid edir, V Qurultayın qarşıya qoyduğu məqsəd və vəzifələrin uğurla həyata keçirilməsini arzulayırıq. Şübhəsiz, bu qurultay bütün soydaşlarımızın sülh, xeyirxahlıq, ədalət idealları ətrafında sıx birləşməsinin əsl təsdiqidir”.

Rusiya Federasiyasının Orenburq bölgəsindəki Azərbaycan diasporunun rəhbəri İlkin Kərimov V Qurultaya dəvət olunduğuna görə DİDK rəhbərliyinə minnətdarlığını bildirib: “Qurultaya dəvət olunduğum və diaspor sahəsindəki xidmətlərimə görə medalla təltif olunmağım şərəfinə layiq görüldüyüm üçün dərin minnətdarlığımı bildirirəm. Sizin təşkil etdiyiniz tədbir sayəsində biz dünyadakı diaspor rəhbərləri və nümayəndələri ilə tanış olduq və təcrübə mübadiləsi apara bildik. İşə məsuliyyətlə yanaşmağınızı da qeyd etmək istərdik. Ümid edirik ki, birgə layihələrin təşkili xoş ənənəyə çevriləcək”.

İsraildə yaşayan opera müğənnisi, V Qurultay ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülən Kamelliya Qonçarova-İoffenin DİDK sədrinə ünvanladığı məktubda deyilir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin V Qurultaydakı tövsiyələri diaspor təşkilatlarının və soydaşlarımızın qarşısında yeni vəzifələr müəyyənləşdirib: “İnanırıq ki, qurultayda səsləndirilən bütün çağırışlar və müəyyən olunan hədəflər dünyada yaşayan bütün azərbaycanlıların, onların diaspor təşkilatlarının Azərbaycançılıq ideologiyası ətrafında fəaliyyətini və birliyini daha da gücləndirəcək. 60-dan çox ölkədən 400-dən çox diaspor fəalının, dövlət rəsmilərinin, mətbuatın, incəsənət xadimlərinin iştirak etdiyi Zəfər Qurultayının yüksək səviyyədə təşkilini təmin edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməyi keçən hər bir əməkdaşına öz dərin təşəkkürümüzü bildiririk”.