“Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda II panel iclası

Moderator: Elşad Əliyev - Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini

26.04.2022

Kopenhagen Universitetinin nevrologiya üzrə professorun və baş məsləhətçisi, İnsan Miqreni Araşdırma Birliyinin direktoru, YAŞAT Fondunun Himayəçilər Şurasının üzvü, Beynəlxalq Baş Ağrıları Cəmiyyətinin sabiq rəhbəri, TÜBA Beynəlxalq Akademiya Mükafatı laureatı Məsud Aşinanın ÇIXIŞI

Hörmətli dostlar, əziz həmvətənlər!
İlk olaraq özüm haqqında məlumat vermək istərdim. 1965-ci ildə Bakıda anadan olmuşam. 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (hazırda Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişəm. Təcili Yardımda internatura keçib, 1989-cu ildə Danimarkaya köçmüşəm. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, İnsan Miqreni Araşdırma Birliyinin direktoru, “YAŞAT” Fondunun Himayəçilər Şurasının üzvü, Beynəlxalq Baş ağrıları Cəmiyyətinin sabiq rəhbəriyəm. Keçən il Sağlamlıq və Həyat Elmləri kateqoriyasında Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı ilə təltif edilmişəm.
Bugünkü tədbiri təşkil edən və mənim buradakı iştirakıma və çıxışıma şərait yaradan Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımı bildirirəm. Sizin hər birinizi Danimarka azərbaycanlıları adından ən səmimi duyğularımla salamlayıram.
Dünya azərbaycanlılarının Qarabağın dirçəldilməsindəki rolu, bu işə verə biləcəkləri töhfə çox böyükdür. Hər kəs öz sahəsində bu müqəddəs divara bir kərpic qoysa, xəyalımızdakı o nəhəng, gözəl sarayı, yəni abad Qarabağı çox tez bir zamanda inşa edə bilərik. Mənim də təklifim, əlbəttə, öz sahəmlə - tibblə bağlı olacaq. Vacib hesab elədiyim iki məqama diqqət çəkmək istəyirəm.
Birincisi, dünyada vaxtaşırı və müxtəlif şəhərlərdə keçirilən və tibbin müxtəlif sahələrini əhatə edən vorkşopların, konfrans və seminarların Qarabağda, konkret olaraq Qarabağın incisi Şuşada keçirilməsinə nail olmalıyıq.
Hesab edirəm ki, bütün dünyadan dəvət edəcəyimiz yüzə qədər mütəxəssisin iştirakı ilə bu gün belə bir tədbirin keçirilməsi mümkündürsə, ən qısa zamanda 150-200, bəlkə də daha artıq iştirakçı sayı ilə Şuşada haqqında danışdığım vorkşop, konfrans və seminarların keçirilməsi mümkün olacaqdır. Tibb sahəsindəki yeniliklər haqda məlumatlanmaq, qarşılıqlı fikir mübadiləsi aparmaq, ortaq layihələr üzərində çalışmaq və digər çoxsaylı faydaları ilə yanaşı, bu cür tədbirlərin Qarabağın tanıdılmasında, Şuşanın bir cazibə mərkəzinə çevrilməsində rolu əvəzsizdir, danılmazdır.
Haqqında danışmaq istədiyim ikinci məqam isə, diasporumuzdan olan həkimlərin, müxtəlif sahələrdən olan mütəxəssislərin mütəmadi olaraq, məsələn, ildə iki dəfə Qarabağ bölgəsi başda olmaqla, Azərbaycanın müxtəlif bölgələrindəki səhiyyə ocaqlarına, xəstəxanalarına, klinikalarına baş çəkmələridir.
Bu həkim kolleqalarımız gedəcəkləri yerlərdə bir neçə gün qalmaq şərti ilə oradakı vəziyyətlə tanış ola, müayinələr apara, konsultasiyalar verə bilərlər. Əlbəttə ki, yerli mütəxəssislərlə öz təcrübələrini bölüşmələri də olduqca faydalı olacaqdır. İnanıram ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Səhiyyə Nazirliyi arasında koordinasiyalı çalışma ilə biz buna nail ola, belə səfərləri ən yüksək səviyyədə təşkil edə bilərik.
Diqqətinizə görə təşəkkür edirəm.