“Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda I panel iclası

26.04.2022

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin sədri Nəriman Qurbanovun ÇIXIŞI

Hörmətli V Qurultay iştirakçıları!
Əziz həmvətənlər!
Sizləri həm öz, həm də Azərbaycanlı İş Adamları Birliyi – AZEBI adından səmimi qəlbdən salamlayıram. Fürsətdən istifadə edərək, Sizləri və xalqımızı müzəffər Azərbaycan Ordusu tərəfindən qazanılan Zəfər münasibətilə bir daha ürəkdən təbrik edirəm. Nə xoşdur ki, qazandığımız şanlı və tarixi qələbə nəticəsində bu gün biz ilk dəfə olaraq Şuşada Dünya Azərbaycanlılarının V – Zəfər Qurultayında iştirak edirik. Zəfərimiz mübarək, Qələbəmiz daimi olsun!
44 günə sığdırılan 30 illik həsrət - ölkəmiz üçün tarixi və əlamətdar il kimi yadda qalan 2020-ci ildə qazanılmış Zəfər, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Vətən müharibəsində qazanılmış Zəfər tarixi ədalətin nümunəsidir. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalandırılması Gürcüstanda yaşayan soydaşlarımızın da böyük sevinci və qürur hissidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda azadlıq müharibəsinə başladığı ilk günlərdən Gürcüstanda Azərbaycana bir sıra dəstək aksiyaları keçirilmiş, o cümlədən icmamız tərəfindən 610 baş xırdabuynuzlu mal-qara, bir konteyner dərman preparatları və 100 000 dollardan çox Azərbaycan Silahlı Qüvvələrə yardım köçürülmüşdür. Bununla yanaşı, Vətən müharibəsi dövründə Marneuli şəhərində Gürcüstanın azərbaycanlıların yaşadığı müxtəlif regionlarından gələn icma nümayəndələrinin iştirakı ilə ilk dəfə olaraq 2500 nəfərdən çox insanın iştirakı ilə böyük bir dəstək aksiyası keçirilmiş və bu tədbirlər paytaxt Tbilisi, Qardabani və azərbaycanlıların kompakt yaşadığı digər bölgələr də davam etdirilmişdir. Bildiyiniz kimi, Vətən müharibəsində Gürcüstan əsilli hərbiçilərimiz də şəhidlik zirvəsinə ucalmışdır. Biz şəhidlərimizin müqəddəs ruhları qarşısında bir daha baş əyirik. Gürcüstanda II Qarabağ müharibəsi şəhidləri ilə yanaşı, hər il ənənəvi olaraq 20 Yanvar və I Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilir, diqqət və qayğı göstərilir. Ötən il Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı və AZEBI-nin üzvlərinin dəstəyi ilə paytaxt Tbilisidə Vətən müharibəsinin birinci ildönümünün Gürcüstanda qeyd olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilmiş, şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan məclisləri təşkil edilmişdir.
Xüsusi vurğulamaq istərdim ki, dost və strateji tərəfdaş olan Azərbaycan-Gürcüstan münasibətləri bu gün tarixinin ən parlaq dövrünü yaşamaqdadır. Bu il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edən Azərbaycan və Gürcüstan arasında münasibətlərin bu səviyyəyə çatmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuş və bunun bəhrəsini bizlər indiyə kimi görməkdəyik. Ulu öndərin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri regionumuzun inkişafına, xalqlarımızın rifahının yaxşılaşdırılmasına və dostluğumuzun möhkəmlənməsinə mühüm töhfələr vermişdir.
Bu gün Azərbaycan və Gürcüstan əlaqələri möhtərəm cənab Prezidentin yürütdüyünüz uzaqgörən və düşünülmüş siyasət nəticəsində daha da möhkəmlənmişdir. Biz Gürcüstan Azərbaycanlıları Sizin dəstək və qayğınızı hər zaman hiss edirik. Bu gün hər birimiz öz fəaliyyətimizdə Sizin verdiyiniz tapşırıqları yerinə yetirməyə, həmrəyliyimizi daha da möhkəmləndirməyə, Azərbaycanı və bütün bölgəni irəli aparmağa çalışmalıyıq. Məhz 12 il bundan əvvəl AZEBİ təsis edilərkən əsas məqsəd Azərbaycan və soydaş şirkətləri arasındakı həmrəyliyi inkişaf etdirmək, Gürcüstanda azərbaycanlıların sahibkarlığını təşviq etmək, eləcə də, Gürcüstan və Azərbaycan arasında ticarət və investisiyanın, o cümlədən üzv şirkətlərin dövlətlə, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı vasitəsilə iş mühitinin inkişaf etməsində dəstək olmaq olmuşdur.
Əlbəttə, inanıram ki, Bizlər öz sahəsində Azərbaycanda yeni mərhələnin başlanğıcında hər birimizin öz töhfəsi olacaqdır. Mən Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin sədri olaraq təklif etmək istərdim ki, Gürcüstanda fəaliyyət göstərən yerli və beynəlxalq biznes təşkilatların iştirakı ilə Şuşada Biznes Forum təşkil olunaraq bölgədə yeni imkanlar nəzərdən keçirilsin. Əminliklə bildirirəm ki, yeni strateji layihələrin həyata keçirilməsi üçün bölgənin investisiya imkanlarının tanıdılması baxımından bu mühüm bir biznes forum olacaqdır.
Fürsətdən istifadə edərək, Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada təşkil edilərək iştirakımıza imkan yaradan Diasporla İş üzrə Dövlət Komitəsinə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.