...

Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin 30 illiyi və “Azİz”in 15 illiyi qeyd edilib

25.04.2022

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunmuş konsert keçirilib.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və BMA-nın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Məclisin (MM) üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, yerli ictimaiyyətin, Azərbaycan diasporunun Türkiyə, ABŞ, Kanada, Britaniya, Trinidad Tobaqo, İsveç, Norveç, Danimarka və İsraildəki təmsilçiləri iştirak ediblər.

“Azİz”in nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın moderatorluğu ilə aparılan tədbirdə MM-in deputatları Rasim Musabəyov, Anatoli Rafailov və Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış ediblər. Tədbir iştirakçılarını əlamətdar hadisələrin ildönümü münasibətilə təbrik edən natiqlər iki ölkə arasında münasibətlərin strateji səviyyədə inkişafından danışıblar. “Azİz”in bu əlaqələrin möhkəmlənməsi, Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində həyata keçirdiyi mühüm işlər nəzərə çatdırılıb.

Konsertdə Kamellia İoffe (vokal), Fəqan Həsənli (fortepiano), Aytac Kara (violin), Rza Xosrovzadə (vokal), BMA nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının və 22 saylı musiqi məktəbinin şagirdləri Hüseyn Quliyev və Elmira Dadaşova çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində İsrailin tanınmış vokal ifaçısı Kameliya Qonçarova-İoffe “Tərəqqi” medalı ilə təltif edilib. Bu mükafata o, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.