...

Komitə sədri Rusiyada yaşayan azərbaycanlı alimlə görüşüb

18.04.2022

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Sankt-Peterburq hökumətinin Xarici əlaqələr üzrə komitəsi sədrinin müşaviri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, “Slavyan-Türk Sinergiya” Fondunun İdarə Heyətinin sədri Heydər İmanovla görüşüb.

Görüş zamanı qonaq Fondun məqsədləri və fəaliyyət istiqamətlərindən danışıb. Rusiyanın Azərbaycan və Türkiyə ilə qarşılıqlı münasibətləri, qonşu ölkədəki Azərbaycan diasporu quruculuğunun inkişafı, xaricdə fəaliyyət göstərən azərbaycanlı alimlərin birliyinin yaradılması məsələləri barədə fikir mübadiləsi aparılıb.

Rusiyalı qonaq maraqlı ideyalara və məhsuldar söhbətə görə Komitə sədrinə minnətdarlığını bildirib.

Xatırladaq ki, fəlsəfə üzrə qrand-doktor, akmeologiya elmləri doktoru, texniki elmlər namizədi, professor Heydər İmanov 1944-cü il mayın 14-də Azərbaycanın Qubadlı rayonunda anadan olub. Bakı Texnologiya Kollecinin (1961), Lensovet adına Leninqrad Texnoloji İnstitutunun (1967) məzunudur. Azərbaycan və Rusiyada müxtəlif dövlət vəzifələrində çalışıb. 2003-cü ildən 2011-ci ilədək Rusiya Təhsil Akademiyasının Smolnı İnstitutunun rektoru olub. Hazırda Smolnı Universitetinin Elm və Təhsil Konsorsiumunun (2011-ci ildən) və “Electroceramics” MMC Holdinq Şirkətinin prezidenti, Noosfer İctimai Elmlər Akademiyasının birinci vitse-prezidentidir.

Azərbaycan diasporu quruculuğu sahəsində fəallığı ilə fərqlənən H.İmanov “Sankt-Peterburq Azərbaycan Diasporu” Regional İctimai Təşkilatının sədri (2011), Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının Rəyasət Heyətinin üzvü (2012) olub.