...

Xocalı sakinlərini təxliyə edən ukraynalı pilot dünyasını dəyişib

04.04.2022

Xocalı soyqırımının ilk canlı şahidlərindən biri olan ukraynalı pilot Leonid Kravets uzun sürən xəstəlikdən sonra vəfat edib.

Leonid Kravets soyqırımı barədə rəsmi Bakıya ilk olaraq xəbər verən, iki gün sonra reportyorları, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevi və hərbçiləri soyqırım ərazisinə aparan pilot olub. O, “Cəhənnəmi görmüş pilot” sənədli filmində Xocalı soyqırımına dair xatirələrini olduğu kimi nəql edib.

Xatırladaq ki, 1989-cu ildə Uzaq Şərqdən Azərbaycana köçürülən, Gəncə aerodromundakı aviasiya eskadrilyasında xidmət edən L.Kravets 2016-cı ildə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi xalqımızın böyük dostunun vəfat etməsi ilə əlaqədar ailəsinə və Ukraynadakı diasporumuza dərin hüznlə başsağlığı verir, kədərlərinə şərik olduğunu bildirir.