...

Kanadadakı Azərbaycan dili məktəbində “Novruz-2022” adlı şənlik təşkil edilib

24.03.2022

Kanadanın Ontario əyalətinin paytaxtı Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər bölməsinin Azərbaycan dili məktəbində “Novruz-2022” adlı tədbir keçirilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Azərbaycan dili sinfinin rəhbəri Yeganə Cəfərova və köməkçi müəllim Gülnar Nəsirova Novruz bayramının adət-ənənələri haqqında şagirdlərə, valideynlərə və qonaqlara geniş məlumat veriblər. Sonra milli geyimli məktəb şagirdləri bayrama məxsus oyunlar oynayıblar.

Tədbir çərçivəsində təşkil edilən sərgidə şagirdlərin hazırladıqları bayram xonçaları nümayiş etdirilib.

Qeyd edək ki, Torontodakı Azərbaycan dili məktəbi uzun illərdir Kanadada yaşayan soydaşımız Yeganə Cəfərovanın rəhbərliyi altında fəaliyyət göstərir. Məktəb paytaxtda və ətraf bölgələrdə yaşayan azərbaycanlı ailələrin uşaqlarına Azərbaycan dilinin öyrədilməsində, dil biliklərinin inkişaf etdirilməsində böyük rol oynayır. Burada təkcə dil deyil, eyni zamanda Azərbaycan mədəniyyəti, milli adət-ənənələri, tarixi, coğrafiyası və digər fənlər tədris edilməklə balaca soydaşlarımızın Vətən haqqında bilikləri artırılır. Azərbaycan dili sinfinin şagirdləri artıq 16 ildir Novruz bayramını böyük sevinc və fərəh hissi ilə qarşılayırlar.