...

Liestal şəhərində Novruz bayramı münasibətilə şənlik olub

24.03.2022

İsveçrənin Liestal şəhərində Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Bazel şəhərində fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İsveçrədəki səfirliyinin əməkdaşları, bu ölkədə yaşayan soydaşlarımız və Avropanın müxtəlif ölkələrindən gələn yüzdən çox qonaq iştirak edib.

"Azərbaycanın Dostları" Birliyinin sədri Arzu Bodmer və başqaları çıxış edərək, Novruz bayramı münasibətilə xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını təbrik ediblər. Xaricdə yaşayan soydaşlarımızın xalqımızın adət-ənənələrini unutmamasının və gələcək nəsillərə ötürməsinin vacib olduğu, birliyin bu istiqamətdə fəaliyyət göstərdiyi nəzərə çatdırılıb.

Tədbirin bədii hissəsində birliyin nəzdində fəaliyyət göstərən "Buta" rəqs qrupunun kollektivinin ifasında Azərbaycan rəqslərindən ibarət konsert proqramı təqdim olunub, sazda aşıq mahnıları ifa edilib.