...

ABŞ-ın Roli şəhərində Novruz bayramı qeyd olunub

23.03.2022

ABŞ-ın Şimali Karolına ştatının Roli şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Bu ştatda fəaliyyət göstərən Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Adika İqbalın təşkilatçılığı ilə baş tutan tədbirdə yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Amerika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Adika İqbal sülh, barış və nikbinlik ruhu aşılayan Novruz bayramının tarixi, rəmzləri və ənənələri barədə qonaqlara ətraflı məlumat verib.

Tədbirin bədii hissəsində ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun ifasında Azərbaycan xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Adika İqbal ştatın şəhər merlərini Novruz bayramı ilə əlaqədar məlumatlandırıb. Apeks şəhər meri Jak Jilberlə ofisində görüşən diaspor təşkilatının rəhbəri xalqımızın Novruz adət-ənənələrindən danışıb və ona bayram xonçası hədiyyə edib.

Şarlotta şəhər meri Vi Aleksandr Layls isə Novruz bayramı münasibətilə ştatın Azərbaycan icmasına məktub ünvanlayaraq, soydaşlarımızı təbrik edib.