...

Osloda “Şuşa, sən gözəlsən!” adlı konsert keçirilib

16.03.2022

Norveçin paytaxtı Oslonun “Soria Moria” mədəniyyət mərkəzində "Şuşa, sən gözəlsən!" adlı konsert-sərgi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi, Nizami Gəncəvi adına həftəsonu məktəbinin rəhbəri Ramil Əliyevin təşkilatçılığı ilə “Cosmopolite” konsert zalında baş tutan tədbirdə diplomatik korpusun, yerli ictimaiyyətin və diasporumuzun nümayəndələri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konsert öncəsi çıxış edən Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev və Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman ölkəmizin mədəniyyət paytaxtı Şuşanın qədim tarixi, 30 il öncə Ermənistan tərəfindən işğal olunması, erməni barbarlarının şəhərdə törətdikləri vandallıq aktları, Xocalı soyqırımının 30 illiyi, Şuşa Bəyannaməsi, Qarabağda aparılan tikinti-quruculuq işləri, Türkiyə-Azərbaycan əməkdaşlığının bölgədəki müsbət rolu barədə ətraflı məlumat veriblər. Bildirilib ki, 2020-ci il 8 noyabr tarixində şanlı Azərbaycan Ordusunun böyük qəhrəmanlıqla azad etdiyi Şuşa şəhəri yenidən qurulur və Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu il ölkəmizdə “Şuşa İli” elan edilib.

Tədbir Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun konserti ilə davam edib. Tanınmış xanəndəni musiqiçilər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Azərbaycan muğam kompozisiyalarının, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şeirlərinə bəstələnən əsərlərin, xalq mahnılarının səsləndirildiyi konsert tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.

Sonra Norveç Musiqi Akademiyasının tələbəsi Tural Qasımovun pianoda ifası təqdim olunub. Tədbirdə Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan məktəbinin şagirdləri Şuşa, Azərbaycan və Novruz bayramı haqqında şeirlər səsləndiriblər.

Tədbir çərçivəsində Azərbaycana, Şuşaya və Novruz bayramına həsr olunmuş rəsm sərgisi nümayiş etdirilib. Azərbaycanlı gənclərin Şuşanı əks etdirən rəsm əsərləri böyük marağa səbəb olub.