...

Xocalı soyqırımından bəhs edən “Qara qar çiçəkləri” kitabı təqdim edilib

03.03.2022

Budapeşt şəhərində azərbaycanlı yazıçı və şairə Leyla Bəyimin Xocalı faciəsindən bəhs edən “Qara qar çiçəkləri” kitabının macar dilində təqdimat mərasimi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyində baş tutan tədbirdə diplomatlar və soydaşlarımız iştirak ediblər.

Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə, kitabın müəllifi – Çexiyadakı “Natəvan” Cəmiyyətinin rəhbəri, Azərbaycan Yazıçılar İttifaqının üzvü Leyla Bəyim, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva çıxış ediblər.

Çıxış edənlər regionda gələcək əməkdaşlıq və birgə təhlükəsizlik mühitinin bərqərar olunmasında insan amili, mədəniyyətin güclü təsir vasitəsi kimi rolu barədə fikirlərini söyləyiblər.

Qeyd edək ki, kitabı macar dilinə Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva tərcümə edib.

Sonra Xocalı faciəsinə həsr edilmiş qısametrajlı film və “Remember” mahnısının videoklipi nümayiş etdirilib. Mahnının musiqisi Londonda yaşayan azərbaycanlı bəstəkar Emin Məcnunbəyova, sözləri Leyla Bəyimə məxsusdur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçirilib.