...

İsraildə “Qarabağ və Xocalı soyqırımı” adlı konfrans keçirilib

02.03.2022

Fevralın 28-də Təl-Əvivdə Menahem Begin Mərkəzində “Qarabağ və Xocalı soyqırımı” adlı konfrans keçirilib.
Konfransda İsrailin sabiq rabitə naziri Ayub Karanın və jurnalist Raşel Avraamın ötən ilin yayında Azərbaycana səfərindən bəhs olunub. Raşel Avraam Xocalı soyqırımının tarixi barədə məlumat verib, azərbaycanlıların mübarizə əzmindən, eləcə də Bakıda və Qırmızı qəsəbədə gördüklərindən danışıb.
Xocalıda da Xolokost faciəsi kimi dəhşətli soyqırımın baş verdiyini xatırladan Ayub Kara İsrail və Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrinin günü-gündən daha da inkişaf etdiyini və Qarabağ bölgəsinin yenidən qurulmasında İsrailin iştirak edə biləcəyini qeyd edib.
Orta Şərq ölkələri üzrə eksper-alim Dr. Mordeçay Kedar da öz növbəsində Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafından söz açıb.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak konfrans iştirakçılarına Xocalı soyqırımı barədə məlumat verib.
Tanınmış azərbaycanlı jurnalist Anastrasiya Lavriana, ictimai fəal Eser Halevi, insan hüquqları müdafiəçisi İrina Tsukerman və Rabii Zamir İsayev də zoom üzərindən görüşə qoşulublar.