...

Marneulidə anım mərasimi təşkil edilib

02.03.2022

Gürcüstanın Marneuli rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım mərasimi və xeyriyyə aksiyası keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsinin, SOCAR-ın Gürcüstan nümayəndəliyinin və Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşdirilən tədbirlər Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) və “Çay Evi”ndə baş tutub.

Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükurla yad edilməsi ilə başlayan hər iki tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ziyalılar, fəal gənclər və məktəblilər iştirak ediblər.

Çıxış edənlər Ermənistan silahlı qüvvələrinin 30 il öncə Xocalıda dinc azərbaycanlılara qarşı xüsusi amansızlıqla törətdiyi qətliamın unudulmayacağını, dünya birliyinin ədalətli yanaşmasının Xocalı soyqırımı kimi faciələrin bir daha təkrarlanmaması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar, bütün dünyada əmin-amanlıq və sülhün bərqərar olmasını arzulayıblar.

Tədbirlər çərçivəsində böyrək çatışmazlığından əziyyət çəkən 200-ə yaxın şəxsə dərman preparatları, GAİM-də sağlamlıq imkanları məhdud olan 55 uşağın ailəsinə ərzaq sovqatları paylanılıb.