...

Dövlət Komitəsində Ağa Musa Nağıyev haqqında kitabın və filmin təqdimatı olub

01.03.2022

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Dilarə Nağıyeva-Muxtarovanın babası, Azərbaycan milyonçusu və mesenatı Ağa Musa Nağıyevə həsr etdiyi “Hər tamaşa bir ömür...” kitabının və “Mənəviyyat carçısı” sənədli filminin təqdimatı keçirilib.

Mərasimdə Dövlət Komitəsinin əməkdaşları, Dilarə Nağıyeva-Muxtarovanın rəhbərlik etdiyi A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin üzvləri, QHT rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak edib.

Dilarə Nağıyeva-Muxtarova tədbirin məhz babasının inşa etdirdiyi 98 tikilidən biri olan Diasporla İş üzrə Dövlət Komitəsinin inzibati binasında keçirilməsinə şərait yaratdığına və mərasimin təşkilinə göstərdiyi dəstəyə görə Komitə rəhbərliyinə minnətdarlığını bildirib. Sayca 8-ci kitabını Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki qələbəsinə və şəhidlərin ruhuna, eləcə də Ağa Musa Nağıyevin ömür yoluna, fəaliyyətinə ithaf etdiyini deyən müəllifin digər əsərlərində olduğu kimi, bu kitabda da Ağa Musa Nağıyevin dövrü və fəaliyyəti dərindən tədqiq olunub.

Dilarə xanımı və onun ailə üzvlərini vaxtilə Ağa Musa Nağıyevə məxsus olan bu binada görməkdən məmnun olduğunu deyən DİDK-nın Beynəlxalq əlaqələr və gənclərlə iş şöbəsinin müdiri Məhbubə Tağıyeva öz növbəsində yeni kitabını böyük zəfərimizə və şəhidlərin ruhuna həsr etdiyi üçün Dilarə Nağıyeva-Muxtarovaya təşəkkür edib.

Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, I Qarabağ müharibəsi qazisi, mayor Aidə Şirinova və başqaları çıxış edərək, yeni kitabının ərsəyə gəlməsi, eləcə də 80 illik yubileyi münasibətilə Dilarə xanımı təbrik edib, ömrünün 30 ilini Bakı milyonçularını, onların yaşadığı dövrü araşdırmağa həsr etmiş müəllifin bu istiqamətdə böyük fədakarlıq göstərdiyini vurğulayıblar.

Çıxışlardan sonra xeyriyyəçinin fəaliyyətini əks etdirən “Mənəviyyat carçısı” sənədli filminin nümayişi olub. Filmdə A.M.Nağıyevin Azərbaycan iqtisadiyyatının inkişafında tarixi rolu və Nağıyev irsinin Azərbaycan tarixində yenidən yaşamasında mesenatın nəvəsi Dilarə xanımın gördüyü işlərdən danışılır. Filmdə əsas məqsəd cəmiyyətdə xeyriyyəçilik ənənələrinin dərin tarixi köklərə malik olduğunu göstərmək və təbliğ etməkdir. Burada ətraflı və dəqiq faktlarla, canlı şahidlərin xatirələrinə söykənən məlumatları çatdırmaqla bərabər, bolşevik rejiminin Azərbaycana qarşı yürütdüyü ədalətsiz və repressiya siyasətindən bəhs edilir.

Sonda Dilarə Nağıyeva-Muxtarovaya 80 illik yubileyi münasibətilə hədiyyə təqdim olunub və xatirə fotosu çəkilib.