...

Monrealda Xocalı soyqırımının qurbanları yad edilib

28.02.2022

Kanadanın Monreal şəhərindəki Türk icma mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Azərbaycan və Türk icmalarının təşkilatçılığı ilə baş tutan anım mərasimi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev, hər iki icmanın üzvləri Adəm Atalay, Əli Şərəf, Mehmet Oks və Aylin Abbasi çıxış ediblər. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Xocalıda dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməsi soyqırımı aktı və bəşəri cinayətdir. Xalqımızın, dünya azərbaycanlılarının və türk dünyasının bu amansız soyqırımı unutmayacağı, dünya birliyindən Xocalıya ədalətlə yanaşmağı və erməni faşistlərinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyi nəzərə çatdırılıb.

Sonra Xocalı soyqırımı həqiqətlərini əks etdirən sənədli film nümayiş olunub.

Tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov da iştirak edib.

Qeyd edək ki, Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində 150-yə yaxın tədbir keçirilib.