...

Serbiya mediasında Xocalı soyqırımına diqqət cəlb edilib

28.02.2022

Serbiyanın https://www.danas.rs xəbər saytında Xocalı soyqırımının 30-cu ildönümü ilə əlqədar məqalə yayımlanıb.

Serbiyada Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadənin təşəbbüsü ilə qələmə alınan məqalədə bildirilib ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə onilliklər ərzində təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi dəhşətli cinayət barədə məlumat verən müəllif qeyd edib ki, bu, Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı həyata keçirdiyi milli nifrət və irqi ayrı-seçkilik siyasəti nəticəsində baş verib.

Məqalədə britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ” kitabından Ermənistanın o vaxtkı müdafiə naziri və keçmiş prezidenti Serj Sarkisyanın “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən insanlardır. Biz bu stereotipi qırmağa müvəffəq olduq” sitatına diqqət cəlb edilib.

Qeyd edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş cinayətlərlə bağlı mühüm nəticəyə gəlib, cinayətləri törədənlərin hərəkətlərini “müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlər təşkil edə bilən xüsusi ağırlıqlı əməllər” elan edib.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.danas.rs/svet/azerbejdzan-obelezava-30-godina-od-genocida-u-hodzaliju/