...

“Azərbaycan Diaspor Gəncləri”nin üzvləri məşhur litvalı jurnalist Riçardas Lapaitisdən müsahibə alıblar

26.02.2022

“Azərbaycan Diaspor Gəncləri”nin üzvləri Samir Kaşıyev (Litva) və Suliddin Bağırov (Polşa) məşhur litvalı jurnalist Riçardas Lapaitisdən müsahibə alıblar. Müsahibə Litvanın Slaptai.lt saytında (https://slaptai.lt/ricardas-lapaitis-geris-visada-sugrizta/) dərc olunub. Müsahibənin tərcüməsini tədqim edirik.
* * *
Hər jurnalistin missiyası neytrallığı qorumaqla, hadisələrin işıqlandırılması və faktların çatdırılmasından ibarətdir. Ermənistanın Azərbaycana qarşı aqressiyasının baş qaldırdığı təlatümlü 1990-cı illərdə bir çoxları baş verən hadisələrin müharibə ilə yekunlaşacağına inanmırdı. Döyüşlərin getdiyi ilk aylarda Qarabağa əslən Litvadan olan Riçardas Lapaitis gəlir. O, həqiqəti, Qarabağda dinc insanların başına gətirilən müsibətlər barədə məlumatları öyrənmək istəyirdi. Bu addım onun həyatını dəyişdi və o, həyatını hərbi jurnalistikaya həsr edərək, Xocalı faciəsini dünyaya çatdıran ilk insanlardan biri oldu. 30 il sonra Azərbaycan Diaspora Gənclərinin üzvləri olaraq həmin çətin günlərə yenidən qayıtmaq qərarın gəldik və litvalı jurnalistin çətin yolunun açılmamış səhifələrini elə müsahibimizin uzaq Litvadakı evində açmaq qərarına gəldik.
* * *
- Spitak zəlzələsindən sonra İrəvanda oldunuz və orada olarkən “Qarabağ bizimdir” şüarlarını eşitdiniz. Bildiyiniz kimi, Ermənistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin və erməni millətçilərinin Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi barədə tələbin irəli sürülməsindən sonra regiondakı etnik münasibətlərdəki gərginlik qısa zamanda hərbi münaqişəyə çevirildi. Bütün bu hadisələrin fonunda necə oldu ki, Qarabağa gəldiniz?

- 1989-cu ildə mənim 21 yaşım var idi və mən həmin vaxt çox səyahət edirdim. Sibirdə, Baykalyanı ərazilərdə, Şimali Uralda olmuşdum. Daha sonra Şimal Qütb Dairəsində bir ilə yaxın vaxt keçirdim, sonra Ukrayna və Moldovaya getdim. Qeyd etməliyəm ki, əvvəllər Qafqazda olmamışdım və nə azərbaycanlılara, nə də ermənilərə qarşı heç bir qərəzim yox idi. Qərara gəldim ki, ilk öncə Ermənistana gedim. İrəvana Vülnüsdən velosipedlə gəldim. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, mən səyyah idim, jurnalist yox. Planım belə idi: ilk öncə Gürcüstana gəlirəm, oradan Ermənistana, daha sonra isə oradan Azərbaycana keçib Qarabağda, daha dəqiq desək, Şuşa, Xankəndi, Xocalı və Ağdamda olduqdan sonra Bakıya gedirəm.
Siyasət barədə təsəvvürüm olmasa da, İrəvandakı mitinqlərin şahidinə çevrilmişdim. İnsanlar “Qarabağ bizimdir” deyə qışqırırdılar. Bu zaman gündəliyimi açıb, qeydlər aparmağa başladım. Onlar deyirdilər ki, guya azərbaycanlılar onları öldürür, torpaqlarını əllərindən alırlar. Mən də o vaxt düşündüm ki, bu, heç də yaxşı hal deyil və ədalətsizlikdir. Bir dəfə bir irəvanlı uşaq məni evlərinə qonaq apardı. Qonaq getdiyim ailə ziyalı idi. Uşağın atası fizik, anası isə müəllim idi. Mən onlara səfərimin məqsədini danışdım və marşrutum barədə məlumat verdim. Onlar isə təkid etdilər ki, Azərbaycana getməyim. İlk dəfə idi ki, hansısa sovet respublikasında kimsə bu sözü deyirdi. Onlar deyirdilər ki, azərbaycanlılar səni öldürəcəklər. Hətta daha da irəli gedib dedilər ki, azərbaycanlıların toyuna gedib çıxsan, sənin başını kəsəcəklər. Bu səbəbdən səfərimi yarımçıq qoyaraq İrəvandan Moskvaya getdim. Buna baxmayaraq, düşündüm ki, Litvaya qayıtdıqdan sonra mütləq Azərbaycana getməli, Bakını görməliyəm. 1992-ci ildə Azərbaycana, oradan da Mərkəzi Asiyaya getmək qərarına gəldim.
Xocalıya niyə getdiyimi sizə indi danışacam. 1992-ci ilin fevralında Bakıya gəlməyi özümə hədəf kimi seçmişdim. Bakıda olarkən Şahin Babayev adında, əslən Ordubaddan olan bir gənc məni qonaq etdi. Şahinin qardaşı Rahim Babayev 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı şəhid olmuşdu və Şəhidlər Xiyabanında dəfn edilmişdi. Şahin tanıdığım ilk azərbaycanlı idi və məhz o, məndə hadisələr barəsində real təsəvvürü yaratdı. O, ermənilər barəsində nifrətlə danışmırdı, amma Azərbaycanın üzləşdiyi dəhşətləri açıq şəkildə mənə izah edirdi.
Şahin bildirdi ki, hazırda Qarabağda şiddətli döyüşlər gedir və dinc azərbaycanlı əhali arasında həlak olanlar var. O, bütün bunları danışdıqca narahatlıq keçirirdi. Onu da qeyd edim ki, Şahinin yaşadığı həyətdə çoxlu sayda məcburi köçkün var idi. Məhz həmin vaxt qərara aldım ki, Şahinin mənə etdiyi yaxşılığa və onun qardaşının ruhuna ehtiram əlaməti olaraq Qarabağa gedim.
Ağdama qatar getdiyi üçün ora istiqamətləndim. Gecə ikən Şahinə məktub yazıb, xahiş etdim ki, əşyalarıma göz-qulaq olsun. Daha sonra yola çıxdım. Mənə elə gəlirdi ki, mən bir daha Bakıya qayıda bilməyəcəm və Qarabağda öləcəm, amma təsəvvür edə bilmirdim ki, orada azərbaycanlılara qarşı etnik təmizləmə aparılır.

- Hər jurnalistin missiyası neytrallığını qorumaqla faktların çatdırlmasından ibarətdir. Qarabağda hazırladığınız yazıları və topladığınız sübutları xarici auditoriyaya necə çatdırdınız və xarici KİV-lərin reaksiyası necə oldu?

- Azərbaycanda hansısa media qurumuna çıxışım yox idi və bu çətin addımı ataraq Qarabağa getmək kifayət qədər çılğınlıq tələb edirdi. Bilirsiniz, mən elə insanam ki, acı, əziyyət görəndə, bütün xalqın nə yaşadığını anlayıram. Bu səbəbdən də bu addımı atdım. Mən düşünürdüm ki, gördüklərimi öz gündəliyimə qeyd edəcəm və bütün yazdıqlarım orada da qalacaq.
Xocalı faciəsindən sonra Ağdam Cümə məscidinin ətrafında çoxlu sayda azərbaycanlı qadın toplaşıb fəryad edirdi. Onlar düşündülər ki, mən jurnalistəm, mənə gördüklərimin hamısını vətənimə qayıtdıqdan sonra hər kəsə danışmağımı və heç olmasa, həqiqətin olduğu bir cümləni belə paylaşmağı xahiş etdilər. Bu sözlər məni yeni yola başlamağa vadar etdi və mən hərbi jurnalistika yolunu seçdim.
Mən onlara söz verdim ki, Litvaya qayıdan kimi bu barədə yazacam. Litvaya qayıtdıqdan sonra “Respublika” qəzetinin redaksiyasına yollandım. Səmimi deyəcəm – bir çox media qurumları ermənilərin azərbaycanlıların yaşadığı şəhəri məhv etməsi barədə xəbərə görə məni içəri buraxmazdılar. Lakin “Respublika” qəzetinin redaksiyası qorxmadı və görəndə ki, hərbi mövzu var və mən baş verənlərin şahidi olmuşam, məni qəbul etdilər. Qəzetin redaktoru Algimantas Jukas “bu öldürülən erməniləri azərbaycanlılar qətlə yetirib?” deyə soruşdu. Mən isə bunun əksi olduğunu dedim və azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirildiyini dedim. O isə bildirdi ki, onlar həmişə azərbaycanlıların erməniləri öldürməsi barədə yazıblar və əlavə etdi ki, bu yazı çap olunsa, böyük “bomba” partlaya bilər.
Həmin an düşündüm ki, əgər media həqiqətləri deməkdən çəkinirsə, o zaman nəyə lazımdır? Lakin Jukas bildirdi ki, yazını qısaldacaq, amma Xocalı barəsində ən kiçik cümlə belə “bomba” effektini yaradacaq. O, bilirdi ki, istənilən halda onları buna görə ittiham edəcəklər. İnsanlara və əsasən də uşaqlara travma yaşatmamaq üçün zorakılıq tətbiq olunmayan fotonu seçdik. Martın əvvəlində Litva mətbuatında məqalə dərc olundu. Mən bilmirdim ki, Litvadakı erməni diasporu qəzəblənib, çünki həmin vaxt mən yenidən Qarabağa qayırdım.
“Lietuvos Aidas” qəzeti mənim yalançı olduğumu və Xoalıda qətliamın baş vermədiyini yazırdı. Bu qəzetin arxasında erməni diasporu dayanırdı. Hətta erməni deputat Akop Akopyan bu məsələyə görə Litvaya gəlmişdi. Deputat radio vasitəsilə məqalədə yazdıqlarımın həqiqəti əks etdirmədiyini dedi. Həmin vaxt “Respublika” qəzeti məqaləmi ingilis dilinə tərcümə etmişdi və bununla da Xocalıda baş verənlər barəsində Qərb dünyasında bir çoxları xəbər tutdu. Susmadığlm üçün təhlükə altında olduğumu hiss edirdim.

- Riçardas, siz Qarabağa Xocalı faciəsinin baş verdiyi dəhşətli gecədən sonra çatdınız. Qətliamın baş verdiyi meşəyə gedə bilmək şansınız oldu?

- Yox, alınmadı. Mənim digər jurnalistlərlə əlaqəm yox idi və üstəlik, jurnalist vəsiqəm də yox idi. Bir sözlə, kim olduğumu sübut edə bilməzdim.
Onu da qeyd etmək istəyirəm ki, Xocalıya 20 silahlı dəstə hücum etmişdi və bu dəstələrin komandirləri arasında Monte Melkonyan da var idi. 366-cı alayın tərkibində vuruşanların içərisində əslən Fransadan, Yaxın Şərqdən, Rusiyadan və ABŞ-dan olan muzdlular da var idi. Mən təsəvvür edə nilmirəm ki, mənim doğmalarımı belə vəhşiliklə qətlə yetirsəydilər, nə hiss edərdim...
Azərbaycanlı jurnalist İlqar Cəfərovu görməyim mənim üçün bir növ xilas oldu. İlqar özü gördüklərindən şokda idi. Daha sonra Oleq Litvin və Seyidağa Mövsümovla tanış oldum. Sonralar isə əfsanəvi şəxsiyyət Allahverdi Bağırovla tanış oldum.

- İkinci Qarabağ müharibəsi bitdikdən sonra siz Ağdama səfər etdiniz. Nə hisslər keçirdiniz? Bildiyimiz qədərilə sizin Milli Qəhrəman Allahverdi Bağırov barəsində çoxlu xatirəniz var.

- Allahverdi Bağırovla Xocalı faciəsindən sonra, Ağdamda gedən döyüşlər vaxtı tanış oldum. Allahverdi Bağırov və Əlif Hacıyev böyük şəxsiyyətlər idi. Əlif Hacıyev Bakıdakı ailəsini qoyub, Xocalı aeroportunu müdafiə etmək üçün bu şəhərə gəlmişdi. Bilirsiniz, bəzən bu hadisələrə səthi baxırıq, amma bir düşünün ki, kimsə Riqada, Moskvada və ya Parisdə hava limanına hücum edir. Bu necə olardı? Əlbəttə ki, biz bunu edənləri beynəlxalq terrorçu, müdafiəçiləri isə qəhrəman adlandırardıq. Əlif Hacıyev Azərbaycan DİN-in zabiti idi, Xocalı şəhərinə və aeroportuna hücum edənlər isə beynəlxalq cinayətkarlar idi. Əlif Hacıyev son nəfəsinə qədər hava limanını qorudu.

Allahverdi Bağırov haqqında da eyni sözləri demək olar. O, qaya kimi idi və hər əsgərə, hər sakinə münasibətdə ata kimi idi. Allahverdi Bağırov o qədər humanist bir insan idi ki, bütün yaşanan faciələrə rəğmən, ermənilərin etdiyini etmirdi. Fərq də məhz bunda idi.
Bir dəfə Allahverdi Bağırovla birgə Əsgəran rayonunun Naxçıvanik kəndində (hazırda Xocalı rayonunun Naxçıvanlı kəndi – red.) olduq. Orada evlər yanırdı və çoxlu sayda azərbaycanlı əsgər qətlə yetirlmişdi. Məhz bu kənddə dinc Xocalı sakinlərinə qarşı erməni dəstələri vəhşiliklər törətmişdi, işgəncələr vermişdi. Oradakı bir fermada dar ağacı var idi. Onun üzərində qətlə yetirilmiş azərbaycanlıların saçları və qan izləri qalmışdı. Daha sonra Allahverdi Bağırov düzənlik yolla Xocavənd, oradan isə Ağdam istiqamətində maşınını sürdü. Yolda mənə dedi ki, mənim ölməyimi istəmir və buna görə də buradan getməyim istəyir.
Bir məsələni vurğulamaq istəyirəm ki, Xocalı faciəsindən sonra, o, bir çox ermənilərlə əsirlərin qaytarılması üçün danışıqlar aparırdı və erməni separatçılarının komandirlərindən biri Viltali Balasanyanla razılağa gəlmişdi. Hətta Balasanyan belə Allahverdi Bağırova böyük hörmətlə yanaşırdı.
1993-cü ildə Ağdamın işğalına 5-6 gün qalmışdı. Yadımdan çıxmamış deyim ki, ermənilər Ağdamdakı şərab zavoduna atəş açmırdılar, çünki oranı özləri üçün saxlamaq istəyirdilər. Şəhərin ağır günlərində Allahverdi Bağırovun məzarını ziyarət etdik və gördük ki, məzarın üstü çiçəklərlə doludur. O zaman məzarlıq salamat vəziyyətdə idi. Həmin vaxtlar qaytarılan hərbi əsirlərdən birinin belə ifadəsi onlara yaşadılan cəhənnəm əzabını anlamağa kifayət edirdi.

- Siz “Sonsuz dəhliz” filminin çəkilişlərində iştirak etmisiniz və filmdə xatirələrinizi bölüşmüsünüz. Bütün yaşadıqlarınızı danışdıqca hansı hissləri keçirirdiniz?

- Filmin baş rejissoru Aleksandras Brokasdır və ideyanın müəllifi də odur. Filmdə 14 ölkədən jurnalistlər iştirak edir. Bu, çox böyük layihə idi və filmi yarım milyard insan izləyib. Filmin təqdimatı 100-dən çox ölkədə baş tutdu. “Əl-Cəzirə” kanalı, eləcə də İsralin və Tükiyənin dövlət televiziyaları, həmçinin ABŞ və Avropadakı bir sıra televiziyas kanalları filmi nümayiş etdilər. Əsas məqsəd hadisə şahidlərinin dediklərini sübutlarla təqdim etmək idi ki, heç kəs bizdə nöqsan tapa bilməsin.
Zaman keçəcək və Brokas bu sözləri deyəcək: “Sonsuz dəhliz”dən sonra əminliklə deyə bilərəm ki, morqda işləyə bilərəm”. Xüsusilə vurğulamaq istəyirəm ki, filmin qəhrəmanlarından heç biri filmdə çəkilmək istəmirdi. Bilirsiniz, indi bunları sizə danışarkən də özümü pis hiss edirəm. Müsahibədən sonra yenə ağırlaşacam...
Bu filmdə Xocalıdan Ağdama hərəkət edən Xocalı sakinləri, əsir düşən insanlar çəkiliblər. Xatirələr insanı öldürür. Filmin çəkilişləri bitdikdən sonra qəhrəmanların bəzisi intihara cəhd etdi. Bildiyiniz kimi, 150-dən çox Xocalı sakininin taleyi naməlum olaraq qalır. Bu o deməkdir ki, onları vəhşicəsinə qətlə yetirib və basdırıblar. Onların arasında uşaqlar, qadınlar və qocalar da var idi. Ermənilər nüfuzlu insanların meyitlərini tapıb, onları təhqir etmək istəyirdilər. Ümumiyyətlə, ermənilər ölülərə qarşı vuruşurdular. Azərbaycana hər səfərimdən sonra ölü biri kimi qayıdırdım. Çəkilişlər dörd il davam etdi və bu müddət ərzində mən yenidən o ağır günlərə qayıtdım.
İnanmıram ki, bu filmə bənzər nəsə təkrarlana bilər, çünki çəkiliş qrupunun ən böyük uğuru Xocalıya hücum planını hazırlayanlardan biri olan Şahnazaryandan müsahibə almaq idi. Çəkiliş qrupu heç bir artıq söz əlavə etmədən Şahnazaryanın dilindən baş verənləri lentə köçürə bildi. Fikir versəniz, görərsiniz ki, Şahnazaryan baş verənləri gülümsəyərək danışır.
Bir maraqlı məqamı da qeyd edim. Çəkiliş qrupu Xocalıya getmək üçün bir erməniylə razılığa gəlmişdi. Belə ki, çəkiliş qrupunda Xocalı sakinlərinin meyidlərinin kütləvi yandırıldığı yer barədə məlumat var idi və qrup həmin ərazini çəkmək istəyirdi. Təəssüflər olsun ki, Ermənistanın xüsusi xidmət orqanları bu niyyət barədə məlumat almışdılar və çəkiliş qrupunun kamerasını İrəvan hava limanında müsadirə etmişdilər.
Bu məsələyə Litvanın xarici işlər naziri Linkyaviçus qarışdı və bildirdi ki, məsələnin böyük skandala çevrilməsini istəmirlərsə, çəkiliş qruğu sərbəst buraxılmalı və kamera geri verilməlidir. Filmə baxsanız, görərsiniz ki, komandirlərdən biri olan Tadevosyan baş verənləri yalnız erməni siyasətçilərinin üzərinə atmağa və hərbçilərin rolunu kiçiltməyə çalışır. Ən çətin məqam isə hücumda 366-cı alayın iştirakını sübut etmək idi, amma çəkiliş zamanı Tadevosyan hərbi xəritəni götürərək, Xocalıya hücumun dörd istiqamətdən hazırlandığını göstərdi. Əsas hücum istiqamətlərindən birinin üzərinə “Jenya 2 BMP” yazılmışdı. Bu isə 366-cı alayın batalyon komandirlərindən biri Yevgeni Nabokixin adına işarə idi.

- Xocalı soyqırımı 1990-cı illərdə etnik zəmində baş verən digər kütləvi qətliamlara bənzəyirmi?

- Təsəvvür edin: bütün dünya dəyişib, amma qonşuluqdakı ölkədə xəstə ideologiya hələ də hökm sürür. Xocalı soyqırımını heç bir şeylə müqayisə etmək mümkün deyil. Ermənilərin azərbaycanlılar barəsində formalaşdırdıqları xəstə təfəkkür Ermənistan dövləti etdiklərini etiraf etməyincəyə qədər davam edəcək. Ermənistan hələ də yalan danışır. Ermənistanın faşist psixologiyası erməniləri yalanlar dünyasında yaşamağa məcbur edir. Baxmayaraq ki, Ermənistandan bir çoxları etdikləri səhvi başa düşüblər, amma hələ də bunu etiraf etməyə qorxurlar.

- Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan 44 günlük müharibə Azərbaycanın zəfəriylə nəticələndi. Bundan sonra bir çox jurnalistlər, o cümlədən siz azad olunmuş ərazilərə səfər etdiniz. Vətən müharibəsindən sonra azad olunmuş ərazilərdə olarkən hansı hissləri keçirdiniz?

- Müharibə vaxtı mütəmadi olaraq Azərbaycandakı dost və tanışlarıma zəng edirdim. Müharibənin gedişatına nəzər salanda anladım ki, müharibə bizim qələbəmizlə yekunlaşacaq. Niyə “bizim” deyirəm? Çünki fərq etməz sən litvalısan və ya fransızsan, əgər sənin vicdanın varsa, bunun insanlığın zəfəri olduğunu anlayırsan.
Birinci Qarabağ müharibəsindən sonra ürək ağrısı ilə Azərbaycanı tərk etmişdim. Bu zaman “Bakinskiy raboçiy” qəzeti üçün yazdığım məqalədə qeyd etmişdim ki, mütləq Şuşaya qayıdacam. Mən inanırdım ki, o şəhərə qayıdacam və inanırdım ki, Azərbaycan mütləq Şuşanı azad edəcək. “Sonsuz dəhliz” filminin çəkilişlərindən sonra bir müddət Azərbaycanda qalmaq qərarına gəldim. Xocavənd rayonunun cəbhəyanı ərazisində və Ermənistan-Azərbaycan sərhədində olmuşdum. 2016-cı ilin Aprel döyüşlərindən sonra əmin oldum ki, “erməni dünyası” adlandırılan şişirdilmiş mif dağılacaq.
Bilirsiniz, tez-tez Tərtərin Həsənqaya kəndində olurdum. Orada məcburi köçkünlər yaşayırdı. Həmin kənddən Ağdərə şəhəri aydın görünürdü. Kənddəki uşaqlarla futbol oynamağı sevirdim. Futbol oynayanların sırasında Turanə adlı qız da var idi və çox yaxşı futbolçu idi. O, həm də çox xeyirxah qız idi. Aprel döyüşləri ərəfəsində Həsənqayaya gəlmişdim. Turanəni görməyəndə, onun harada olduğunu soruşdum. Mənə dedilər ki, Turanəni düşmən öldürüb. Həyatımda ilk dəfə idi ki, heç bir söz deyə bilmədim. Özümü çox pis hiss etdim və on an düşündüm ki, Turanəni öldürən o qorxağın zülmünün ömrünə az qalıb. Mən əmin idim ki, bu, gec-tez olacaq.

- Ali Baş Komandan İlham Əliyev tərəfindən “Dostluq” ordeninə layiq görüləndə hansı hissləri keçirdiniz?

- Bu, mənim üçün möcüzə idi. Bilirsiniz, mən adi reportyoram. Öz növbəmdə bu mükafatı bu çətin yolda mənimlə birgə olan hər kəsə həsr etdim. Cənab prezident mənə inanırdı və əminəm ki, bu mükafat üçün namizədlərin də sayı kifayət qədər çox idi. Bu səbəbdən mükafata layiq görülməyimi şəxsən özüm üçün sürpriz və möcüzə hesab edirəm.

- Siz hərbi jurnalistika sahəsində fəal birisiniz. Sizcə, Litva xalqı azərbaycanlılara qarşı baş verən soyqırımlarına necə baxır və gələcək nəsil bu barədə məlumatlıdırmı?

- Azərbaycana qarşı ikili standartlar hələ də aktualdır. Bəzən elə adamlarla rastlaşıram ki, ermənilərin xətrinə dəyməmək üçün Xocalı, Qaradağlı və Meşəli faciələri barədə danışmırlar. Təəssüflər olsun ki, Litva cəmiyyətində də belə insanlar var.

- İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq KİV-lər müharibəni işıqlandırırdı. Bu baxımdan birinci və ikinci müharibə arasındakı əsas fərq nədə idi?

- İkinci Qarabağ müharibəsi zamanı dünya KİV-ləri Azərbaycanın azadlıq savaşı apardığını və ərazi bütövlüyünü bərpa etdiyini çox yaxşı başa düşürdülər. Xüsusilə vurğulamaq istəyirəm ki, dünyanın müxtəlif KİV-lərinə müsahibə zamanı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə azadlıq müharibəsinin dinc erməni əhaliyə qarşı aparılmadığını qeyd etdi. Ermənilər isə Gəncəni, Bərdəni, Tərtəri və Naftalanı bombalayırdı, amma Azərbaycan Ermənistanın şəhərlərinə qarşı bunu etmədi. Müharibədən sonra Şuşaya qayıdanda gördüm ki, Azərbaycan erməni kilsəsində restavrasiya işləri aparır. Vaxtilə ermənilər işğal etdikləri ərazilərdə məscidləri, qəbir daşlarını, sarayları dağıtdılar, amma azərbaycanlılar ermənilərin abidələrini bərpa edirlər. Bu, bir daha azərbaycanlıların yüksək mədəniyyətindən xəbər verir. Əminliklə deyə bilərəm ki, Azərbaycanın beynəlxalq arenadakı imici yüksək səviyyədədir.

- Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərinizdən sonra ölkəmizdəki hansı dəyişikliklərin şahidi oldunuz?

- Qarabağa qayıtdıqddan sonra çoxlu dağıntının şahidi oldum. Azərbaycanın mədəni irsinə böyük zərər vurulmuşdu. 30 il ərzində ermənilər Azərbaycana aid hər şeyi sistematik şəkildə məhv ediblər. Təsəvvür edin, 30 il ərzində yedikləri konservləşdirilmiş məhsulların qablarını bütün əraziyə və çaylara səpələyiblər. Şuşaya İkinci Qarabağ müharibəsi haqqında filmin çəkilişi üçün gəlmişdim. Bu müddət ərzində özümü evdəki kimi hiss edirdim. Çox istərdim ki, Şuşada qalım, bu şəhərin irsini öyrənim və “Şuşanın səsi” olum.
Uzun müddətdir ki, dostum Arunas Sartanoviçisula “44 gün” filminin çəkilişləri ilə məşğuluq və mayda premyerasını keçirməyi planlaşdırırıq. Çəkiliş zamanı Ağdamda vandalizmin şahidi oldum. Məzarlardan çıxarılan insan sümüklərinin səpələnməsinin şahidi oldum. İşğalçılar qəbir daşlarını dağıdaraq, qəbirlərdə qızıl atxarıblar.

- Bildiyimizə görə, dostunuz Şahinin 1992-ci ildə sizə hədiyyə etdiyi portret evinizdədir. 2022-ci ildə o portretə baxarkən, hansı hissləri keçirirsiniz?

- (Bu vaxt Riçardas ayağa qalxır və telefonu götürərək kiməsə zəng edir) “Əziz qardaşım Şahin, səni təbrik edirəm. Bu gün sənin ad günündür. Hazırda Samir adlı qonağım var və “Zoom” vasitəsilə Suliddin də qoşulub. Onlar Azərbaycandandırlar və məndən müsahibə alırlar. Mən səni səmimi qəlbdən təbrik edirəm. Şahin, biz səninlə uzun yol getmişik. Bir dəfə də mütləq Ordubada getməliyik”.
Şahin məni evinə 1992-ci ildə qəbul etdi. Həmin vaxt o, qəm çəkirdi və yaşamaq istəmirdi. O, yuxuda İsa peyğəmbəri gördüyünü demişdi və yuxunun əsasında da onun portretini yaratmışdı. Sonra isə bu portreti mənə hədiyyə etdi.

- Sizin “Facebook”da Birinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə şahidi olduğunuz yaxşılıq haqqında etdiyiniz paylaşım bir çoxlarına təsir etdi. Bir çoxları yaxşılığın necə geri qayıtmasının və həyatımızın episentrinə çevrilməsinin və bunun yaratdığı zəncirvari reaksiyaya təəccübləndilər. Bu zəncirvari reaksiya hələ də davam edirmi?

- Əlbəttə ki, davam edir. Çox şadam ki, yaxşı insanlarla qarşılaşmışam. Kiçik bir yaxşılıq arxı böyük çaya çevrildi. Yaxşılıq hər zaman geri qayıdır. Yarım il öncə filmin çəkilişləri ilə bağlı çətinliklər yaşadım. Bu səbəbdən Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeveya müraciət etdim. İnanın ki, həmin gün cavab aldım. Bax, yaxşılıq budur. Ümid edirəm ki, “Nizami” kinotetrında filmin təqdimatı olacaq və Mehriban xanım orada iştirak edəcək. Filmin əsas məqsədi hazırda həyatda olmayan müharibə qurbanlarının xatirəsini anmaqdır. Həm birinci, həm də ikinci müharibədə, həmçinin 1918-1920-ci illərdə həyatını fəda edən qəhrəmanları nəzərdə tuturam. Çox istəyirəm ki, azacıq da olsa, onların xatirəsini əbədiləşdirim.