...

Qırğızıstan paytaxtında Xocalı soyqırımının qurbanları yad edilib

25.02.2022

Bişkek şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Mərkəzi Asiyada Tərəqqipərvər Azərbaycanlıların Birliyi” ictimai təşkilatının ölkəmizin Qırğızıstandakı səfirliyi ilə birgə təşkil etdiyi tədbirdə parlamentin deputatları, yerli ictimaiyyətin, Qırğızıstan və Qazaxıstandakı Azərbaycan diasporunun, KİV-lərin nümayəndələri iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər bildiriblər ki, xalqımız heç bir zaman 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc və günahsız azərbaycanlılara qarşı törətdiyi dəhşətli soyqırımını unutmayacaq və unutdurmayacaq. Azərbaycan dövlətinin yürütdüyü siyasət nəticəsində dünya ictimaiyyətinə Xocalı soyqırımı barədə həqiqətlərin çatdırıldığı, bu faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsinin, vəhşicəsinə törədilmiş cinayətin baiskarlarının məsuliyyətə cəlb olunmasının vacibliyi nəzərə çatdırılıb.

Qeyd edilib ki, soydaşlarımız Xocalı soyqırımının rəsmən tanınması ilə əlaqədar Qırğızıstan parlamentinə müraciət edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbir keçiriləcək.