...

Ukraynadakı azərbaycanlı gənclər birgə fəaliyyət haqqında razılığa gəlib

14.02.2022

Ukraynada fəaliyyət göstərən azərbaycanlı gənclər təşkilatları birgə fəaliyyət göstərəcək. Bununla bağlı Ukrayna Azərbaycanlıları Radasının II - Hesabat-Seçki Qurultayından sonra təşkilatın ofisində gənc diaspor fəalları ilə görüşdə geniş müzakirə aparılıb.

Əksəriyyəti Ukraynada doğulub böyüyən, ölkənin müxtəlif ali məktəblərində təhsil alan, yerli cəmiyyətə inteqrasiya olunmuş gənc oğlan və qızların iştirak etdiyi görüşdə mövcud problemlər, gələcək fəaliyyət planlarına dair fikir mübadiləsi aparılıb.

DİDK rəsmisi Mahmud Əhmədov diaspor siyasətində gənclərin rolunu vurğulayaraq, Dövlət Komitəsinin bu istiqamətdə müəyyənləşdirdiyi hədəf və məqsədlərdən bəhs edib, qarşıdakı vəzifələrin icrası üçün ilk növbədə gənclər təşkilatları arasında birlik və həmrəyliyin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə çıxış edən gənc Ukrayna Azərbaycanlı Gənclər Radasının rəhbəri Vaqif Nağıyev, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Damət Əsgərov, diaspor fəalları Orxan Səfərov, Elçin Pirəliyev və başqaları diaspor fəaliyyətində gənclərin daha yaxından iştirakının əhəmiyyətindən, onların açdığı yeni imkanlardan danışıblar. Onlar Dövlət Komitəsinin təşəbbüslərini alqışlayaraq, diaspor fəaliyyətində gənclərin potensialından səmərəli istifadə etmək üçün birlik və həmrəylik çağırışlarına hazır olduqlarını bəyan ediblər. Bundan başqa, Ukraynadakı azərbaycanlı gənclərin forumunun keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Müzakirələrin sonunda Ukrayna Azərbaycanlı Gənclər Radasının rəhbəri Vaqif Nağıyev Ukrayna Azərbaycanlıları Radası ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Digər təşkilatların təmsilçiləri də yaxın vaxtlarda birgə fəaliyyətə dair müvafiq razılıq əldə edəcəklərini bildiriblər.