...

Klaypeda şəhərində Vətən müharibəsi şəhidləri yad edilib

04.10.2021

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” diaspor təşkilatının təşəbbüsü ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. “Azəris”in sədri Əliağa Məmmədovun təşkilatçılığı ilə baş tutan anım mərasimində Klaypeda şəhərində yaşayan soydaşlarımız, latış, alman, yəhudi, Ukrayna, belorus və tatar icmalarının üzvləri iştirak ediblər.

Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə əlaqədar olaraq xalqa müraciəti və Bakıda hərbçilərlə birgə yürüşü nümayiş etdirilib. Tədbir iştirakçılarına ötən il baş vermiş II Qarabağ müharibəsi, ermənilərin cəbhə xəttindən kənarda yerləşən Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri raket hücumlarına və ağır artilleriya hücumlarına məruz qoyması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə ətraflı məlumat verilib, kiçikyaşlı məktəblilərin ifasında şəhidlərimizə həsr edilmiş şeirlər səsləndirilib.

Tədbir çərçivəsində təşkil edilən anım guşəsinin Vətən müharibəsini və qəhrəmanlarımızı əks etdirən fotoların önünə güllər düzülüb, şamlar yandırılıb və şəhidlərimizin ruhuna dualar oxunub.