...

Monteneqroda Anım Günü qeyd edilib

29.09.2021

Monteneqroda yaşayan Azərbaycan və Türkiyə vətəndaşlarının bir qrupunun təşkilatçılığı ilə 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanın və Türkiyənin şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü münasibətilə xalqa müraciəti təqdim olunub.

Tədbirdə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin rəhbəri Azad Nağıyev, Monteneqroda fəaliyyət göstərən “Azmont Investments” şirkətinin icraçı direktoru Rəşad Əliyev, Azərbaycan–Monteneqro İqtisadi və Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə və başqaları çıxış ediblər. Onlar erməni faşistlərinin hərbi təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusunun “Dəmir yumruq” adlanan anti-terror və əks-hücum əməliyyatı, xalqımızı şanlı qələbəyə aparan yol, Azərbaycan Prezidentinin müdrik rəhbərliyi altında müzəffər ordumuzun zəfəri və rəşadəti haqqında fikirlərini iştirakçılarla bölüşüblər.

27 sentyabr tarixinin həm anım, həm də şərəf və qürur günü olduğunu, bütün Azərbaycan xalqının, o cümlədən diaspor nümayəndələrinin Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək dəmir yumruq kimi düşmənin başını əzdiyi bildirilib. “44 günlük qələbədə mənfur və məkrli düşmənin ən azı iki əsrlik planları puç oldu. Azərbaycan xalqının arzuları çin oldu: qüruru, mənliyi, kimliyi geri qaytarıldı, əzəli torpaqlarımız düşmən tapdağından qurtarıldı, müstəqilliyimizin və suverenliyimizin atributu olan ərazi bütövlüyümüz bərpa edildi, əsrlər boyu xalqımıza təlqin olunan məğlubiyyət, inamsızlıq və ümidsizlik sindromu darmadığın edildi. Bu zəfər Azərbaycan dövlətinin uzunmüddətli, məqsədyönlü və düşünülmüş siyasətinin, müzəffər ordumuzun qəhrəmanlığının və peşəkarlığının və xalqımızın həmrəyliyinin nəticəsidir”, - deyə S.Mirzəzadə söyləyib.

Tədbir 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.