...

Kanadada Anım Gününə həsr olunmuş videomaterial hazırlanıb

27.09.2021

Kanadanın Toronto şəhərində fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında ingilis dilində 27 sentyabr – Anım Gününə həsr olunmuş videomaterial hazırlanıb.

Kanadada yayımlanan "EL TV" telekanalı tərəfindən lentə alınan “Patriotic War - Operation “Iron Fist”” (“Vətən müharibəsi – “Dəmir yumruq” əməliyyatı”) adlı videomaterialda II Qarabağ müharibəsi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, 44 günlük müharibə Ermənistanın 12 iyul 2020-ci il tarixində Azərbaycanla dövlət sərhədində silahlı təxribata əl atmasından və 27 sentyabr 2020-ci il tarixində bütün təmas xətti boyu Azərbaycana genişmiqyaslı hücuma keçməsindən sonra başlayıb. Hərbi təxribatın qarşısını almaq məcburiyyətində qalan Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verildiyi və düşməni sülhə məcbur etmək üçün “Dəmir yumruq” planının uğurla həyata keçirildiyi vurğulanıb.

Hərbi ekspertlərin və dünya mediasının ordumuzun şəxsi heyətinin döyüş ruhu və bacarığı qarşısında heyrətlərini gizlədə bilmədiyi, hazırda işğaldan azad edilmiş Qarabağ torpaqlarında sürətlə tikinti-quruculuq işlərinin aparıldığı nəzərə çatdırılıb.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi mütəmadi olaraq ingilis dilində Azərbaycan tarixini özündə əks etdirən silsilə videomateriallar hazırlayaraq, ölkəmiz haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılmasına çalışır.

Sözügedən videomaterialı aşağıdakı linkdən izləmək mümkündür:

https://youtu.be/7JZ_m34uFXk