...

Azərbaycan dilini mənimsəyən müdavimlərə diplomlar təqdim edilib

24.08.2021

Misirin paytaxtı Qahirə şəhərində fəaliyyət göstərən diaspor mərkəzində Azərbaycan dili, Quran qiraəti və xəttatlıq kurslarını bitirən müdavimlərə diplomların təqdimolunma mərasimi keçirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən “Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirov bildirib ki, diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 müdavim kursu müvəffəqiyyətlə bitirib. Məzunların Misirin müxtəlif universitetlərində təhsil aldığını xatırladan birlik sədri qeyd edib ki, indi əcnəbi tələbələr Azərbaycan tarixi və mədəniyyəti haqqında da biliklər əldə ediblər.
Kursu bitirmiş misirli gənc qızın Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi tədbir iştirakçılarının alqışları ilə qarşılanıb. Mərasim Azərbaycan dili üzrə 12, Quran qiraəti üzrə 10, xəttatlıq sənəti üzrə 4 məzuna diplomların təqdim edilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, diaspor mərkəzində ümumilikdə 500 müdavim Azərbaycan dili, Quran qiraəti, xəttatlıq, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda təhsil alır. Onlar, əsasən, Asiya və Afrika ölkələrindən olan gənclərdir.