...

Azərbaycan və Finlandiya münasibətlərinə həsr olunmuş tədbir keçirilib

10.08.2021

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, Azər–Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşəbbüsü və təşkilatçılığı ilə Helsinki şəhərində Finlandiya və Azərbaycan əlaqələrinə həsr olunan tədbir keçirilib.

“Finlandiya və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” mövzusunda gerçəkləşdirilən tədbirdə deputat Veronika Honkasalo, məşhur yazıçı Aulikki Oksanen, teatr rəhbəri Juha Kukkonen, Türk-Finlandiya cəmiyyətinin, Finlandiyada yaşayan Azərbaycan diasporunun təmsilçiləri, yerli iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihənin təşəbbüskarı Ülviyyə Cabbarova qonaqları salamlayıb və tədbirin məqsədi barədə məlumat verib. Ölkəmizin uğurlu inkişaf yolundan danışan diaspor fəalı 44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı tarixi qələbəsindən söz açıb. Qeyd edib ki, uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasətinə son qoyulub, lakin bu qanlı təcavüzkar siyasət ölkəmizin tarixində ağır izləri ilə yadda qalıb.

Tədbir filoloq Aygül Rzayeva Azərbaycan tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri haqqında maraqlı faktlarla zəngin təqdimatı ilə davam edib. Sonra tanınmış film prodüser Aino Halonen, Qarabağ atları sərgisinin müəllifi Dace Ştrasus çıxış ediblər. Onlar ölkəmiz haqqında təəssüratlarını bölüşüb, məşhur Qarabağ atlarından bəhs ediblər.

Azərbaycanla mədəni əlaqələrin daha da möhkəmlənməsi istiqamətindəki səyləri və Qarabağ atları irsinin tanıdılmasındakı fəal iştirakına görə Dace Ştrausaya Azər–Türk gənclər təşkilatının adından təşəkkürnamə təqdim edilib.

Tədbirin bədii hissəsində milli Opera və Balet Teatrının solisti Leyla Quliyevanın və Zuzu Zakarianın ifasında müxtəlif kompozisiyalar səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycan xalçaları nümayiş olunub, Qarabağ atları barədə məlumatı və Ermənistanın Azərbaycana qarşı törətdiyi Oxçuçay fəlakətini əks etdirən sərgi təqdim edilib.