...

Qahirədə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub

02.08.2021

"Vətənpərvər" – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin nəzdində fəaliyyət göstərən Mərkəzdə Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.

Qahirənin müxtəlif universitetlərində təhsil alan 41 misirli və əcnəbi tələbədən ibarət olan müdavimlərin qarşısında çıxış edən birlik sədri, tədqiqatçı-alim Seymur Nəsirov beynəlxalq nüfuza malik olan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə müfəssəl məlumat verib. Azərbaycan dilini mənimsəməyin əhəmiyyətindən, ərəb və digər dillərlə vəhdətdə zənginləşən dilimizə müxtəlif ölkələrdən olan tələbələrin böyük marağını qeyd edən alim deyib ki, hər il diaspor mərkəzində təşkil edilən kursların müdavimləri Azərbaycan dilinin leksik və qrammatik qaydalarını öyrənir, tərcüməçi kimi püxtələşir, ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsini öyrənirlər. Nəzərə çatdırıb ki, tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir–Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə işıq üzü görəcək nəşrdə dərc olunacaq.

Mərkəzin rəhbəri Azərbaycan dili kurslarının yeni müdavimlərinə təhsildə uğurlar arzulayıb.

Qeyd edək ki, Mərkəzdə dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti və digər fənlər üzrə ödənişsiz təhsil alır. Azərbaycan dili üzrə 3 qrupda təhsil alacaq müdavimlərə 3 müəllim həftədə 4 saat dərs keçəcək.