...

Azərbaycanlı geoloqun 90 illiyi qeyd edilib

28.07.2021

Rusiyadakı Azərbaycan diasporunun unudulmaz nümayəndələrindən biri, Sibirdə neft yatağını kəşf edən əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun 90 illiyi münasibətilə "YARAT" Müasir İncəsənət Mərkəzində tədbir keçirilib.
Tədbirdə Azərbaycan və Rusiya biznes strukturlarının təmsilçiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Fərman Salmanovun qohumları və həmvətənlərimiz iştirak ediblər.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, "Rossotrudnichestvo"nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov, Azərbaycan-Surqut Diyarşünaslıq Muzeyinin direktoru Marina Selyanina çıxış ediblər.
Tədbir çərçivəsində Surqut Diyarşünaslıq Muzeyinin təqdim etdiyi sərgi nümayiş olunub və Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə "Risk Strategiyası" (1978, rejissor A.Proşkin) sənədli filmi göstərilib.
Qeyd edək ki, Fərman Salmanov ölkəmizin Şəmkir (o zaman Şamxor adlanırdı) rayonunun Morul kəndində anadan olub. Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsini biritib. 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib. Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının Əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü olan həmyerlimiz Tümen vilayətinin "Qlavtumengeologiya" neft-qaz kəşfiyyatı idarəsinin rəhbəri, SSRİ Geologiya nazirinin birinci müavini və s. vəzifələrdə çalışıb. Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı olub.
“Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair 2018-ci ildə keçirilən ümumxalq səsverməsində Rusiyadakı Azərbaycan diasporunun fəal iştirakı ilə Fərman Salmanov daha çox səs toplayıb. 2019-cu ilin may ayından etibarən isə Rusiyanın dövlət başçısı Vladimir Putinin imzaladığı sərəncama əsasən Surqut hava limanına görkəmli azərbaycanlı geoloqun adı verilib.