Diaspor gəncləri beynəlxalq təşkilatların diqqətini Oxçuçay fəlakətinə cəlb edib

05.07.2021

Azərbaycan Diaspor Gəncləri şəbəkəsi və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor gəncləri təşkilatları Ermənistan və Almaniya şirkətləri tərəfindən Oxçuçayın çirkləndirməsinə etiraz əlaməti olaraq birgə bəyanatla beynəlxalq təşkilatlara müraciət ediblər.
Azərbaycan–İtaliya Gənclər Assosiasiyası, Mədəniyyətlərarası Əlaqələr üçün Gənclər Birliyi, Norveç–Azərbaycan Gənclər Təşkilatı, Şimali Amerika–Azərbaycan Gənclər Təşkilatı, Litva–Azərbaycan Gənclər Təşkilatı, Azərbaycan–Macarıstan Gənclər Birliyi, Fransadakı Xəzər Araşdırmalar Mərkəzi və Azərbaycanlı Tələbələr Assosiasiyası, Finlandiyadakı "Azər–Türk" Gənclər Təşkilatı, "İrs" Estoniya–Azərbaycan Gənclər Mərkəzi, Şimali Kipr Türk Respublikasındakı Kipr–Azərbaycan Diaspor Mərkəzi, Belarusdakı "Azərbaycan İcmaları Konqresi"nin Gənclər təşkilatı, Ukrayna Azərbaycanlılarının Gənclər Radası, “Moldova Azərbaycanlıları Konqresi”nin nəzdində Gənclər təşkilatı və Sankt-Peterburq şəhərindəki "Azərbaycan milli-mədəni muxtariyyəti"nin Gənclər İttifaqı tərəfindən imzalanan bəyanat BMT-nin Ətraf Mühit Proqramının Avropa üzrə regional koordinatoru Metyu Billota, proqramın regional koordinatorlarına, BMT-nin Avropa İqtisadi Komissiyasının məlumat mərkəzinə, Ətraf mühit üzrə direktoru Marko Keynerə, UNECE-nin konvensiya katibləri Sonja Koeppelə və Tea Aulavuoya, eləcə də müxtəlif beynəlxalq təşkilatların, o cümlədən "Greenpeace"in regional ofislərinə və katibliklərinə ünvanlanıb.
Bəyanatda Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə diqqət cəlb edilib. Bu səbəbdən ekosistemə və bioresurslara ciddi ziyan vurulduğu, çay sularından suvarmada istifadənin təhlükəli olduğu, Ermənistanın 1992-ci ildə imzalanmış Helsinki konvensiyasına qoşulmaması və öhdəliklərdən yayınması barədə ətraflı məlumat verilib.
Azərbaycanlı gənclər beynəlxalq qurumları bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə çağırıblar.