İsveçdəki Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib

17.06.2021

İsveçdə fəaliyyət göstərən "Qarabağ" Azərbaycan Mədəniyyət Cəmiyyəti rəsmi İrəvanın yoverilməz davranışı nəticəsində mülki Azərbaycan vətəndaşlarının və jurnalistlərinin mina qurbanlarına çevrilməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.
Cəmiyyətin sədri Abdulla Əmir Haşiminin imzaladığı müraciətdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalar yerləşdirdiyi, beynəlxalq hüquq normalarına və konvensiyalara zidd olaraq rəsmi İrəvanın mina xəritələrini verməkdən imtina etdiyi nəzərə çatdırılıb.
Qeyd edilib ki, Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi ilə əlaqədar dəfələrlə beynəlxalq təşkilatlara çoxsaylı çağırışlar ünvanlayan Azərbaycan dövləti artıq hökumətlərarası şikayətlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Soydaşlarımız beynəlxalq təşkilatları Ermənistandan mina xəritələrini gizlətməklə Azərbaycanın mülki vətəndaşlarını hədəfə almaq siyasətinə son qoymağı tələb etməyə çağırıblar.