Haaqa şəhərində Milli Qurtuluş günü münasibətilə təntənəli konsert təşkil edilib

16.06.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan–Niderland "Odlar Yurdu" cəmiyyətinin təşkilatçılığı ilə Haaqa şəhərində 15 iyun – Milli Qurtuluş gününə həsr olunmuş təntənəli konsert keçirilib.
Pandemiya məhdudiyyətlərinin yumşaldılması nəticəsində baş tutan konsertdə Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov, azərbaycanlı icmanın və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konsert Azərbaycanın və Niderlandın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Sonra Milli Qurtuluş gününün mahiyyətindən və dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdışından bəhs edən videoçarx nümayiş etdirilib.
İki saat davam edən konsertdə klssik musiqi ifaçılarından Firəngiz Bağırova (piano və vokal), Sabrina Forte (piano), Cavid Səlimov (tar), Elşən Rzayev (piano), Pei Pei Zhu (skripka), Hülya Keser (piano) çıxış ediblər. Onlar Azərbaycan və xarici bəstəkarlardan Vasif Adıgözəlovun, Tofiq Bakıxanovun, Lüdviq van Bethovenin, Cakomo Puccininin və digərlərinin əsərlərini təqdim ediblər. Pianoçu Hülya Keserin müşayiətilə Pei Pei Zhunun skripkada Azərbaycan xalq mahnısı "Sarı gəlin"i ifa etməsi böyük rəğbətlə və gur alqışlarla qarşılanıb.
Yerli ictimaiyyətin nümayəndələri bu cür mədəni tədbirlərin keçirilməsini yüksək qiymətləndiriblər və Azərbaycan–Niderland xalqları arasında dostluq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.