Dünya birliyinin Ermənistanın cinayətlərinə səssiz qalmasına etiraz bildirilib

10.06.2021

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) azərbaycanlı jurnalistlərin Kəlbəcər rayonunda mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış edib.
Bəyanatda bildirilib ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və Ermənistan məğlubiyyətini qəbul edib, sülh razılaşmasını imzaladıqdan sonra nəhayət bölgəyə sülhün və əmin-amanlığın gəldiyini gözləmək olardı. Lakin Ermənistan geri çəkildiyi Azərbaycan ərazilərində kütləvi şəkildə minalar yerləşdirməklə, mina xəritələrini Azərbaycana verməkdən imtina etməklə, erməni diversant qrupları yeni minalar yerləşdirilməsinə cəhd etməklə bir daha terrorçu xislətini və mədəni dövlətə çevrilmək niyyətində olmadığını göstərdi. 4 iyun tarixində xidməti vəzifələrini yerinə yetirərkən azərbaycanlı jurnalistlərin minaya düşüb həlak olması da bunu sübut edir.
Beynəlxalq hüquq normalarını və prinsiplərini kobudcasına pozan Ermənistanın indiyədək mina xəritələrini Azərbaycan dövlətinə təhvil vermədiyi, rəsmi Bakının dünya birliyinin diqqətini dəfələrlə və israrla bu problemin həllinə yönəltməyə çalışdığı, lakin beynəlxalq ictimaiyyətin hələ də susduğu nəzərə çatdırılıb.
Dövlət səviyyəsində terrorçu siyasət yürüdən Ermənistanın artıq təkcə Azərbaycana deyil, bütün dünya ictimaiyyəti üçün təhdidə çevrildiyini vurğulayan TADƏHF beynəlxalq birliyə suallar ünvanlayıb: "Nədən insan hüquqlarına hörməti tətbiq və təşviq edən BMT Xartiyası tətbiq olunmur? Niyə "İrqi ayrıseçkiliyin hər cür formasının ləğvi haqqında Beynəlxalq Konvensiya" və bəşəriyyətə qarşı cinayətlərə dair beynəlxalq konvensiyalar nəzərə alınmır? Məsələ Ermənistanın törətdiyi dövlət terroruna gəlincə, niyə bütün beynəlxalq sanksiyaları təxirə salırsınız?".