Ukraynadakı soydaşlarımız beynəlxalq ictimaiyyəti biganəlikdə ittiham edib

09.06.2021

Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın antihumanist siyasəti nəticəsində azərbaycanlı jurnalistlərin və yerli məmurun həlak olması xəbərini hiddətlə qarşılayıblar.
Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynovun və Azərbaycan–Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədovun imzaları ilə yayılan bəyanatda beynəlxalq qurumların təmsilçilərinin Ermənistan hakimiyyətinin mina xəritələrini verməkdən imtina etməsini və beynəlxalq öhdəliklərini pozmasını sükutla izləməsi yolverilməz hal kimi qiymətləndirilib. Avropanın bir sıra dövlətlərinin öz maraqlarını güdüb, rəsmi İrəvanın mənəviyyatdan və insansevərlikdən kənar hərəkətlərinə göz yumduğu zaman Qarabağda günahsız insanların həlak olduğu, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanlarının qeyri-reallığa çevrildiyi nəzərə çatdırılıb.
Ukraynadakı soydaşlarımız Ermənistan hakimiyyətinin antihumanist siyasətini hiddətlə pisləyərək, beynəlxalq ictimaiyyəti rəsmi İrəvanı öz öhdəliklərini yerinə yetirməyə məcbur etməyə çağırıblar.