Latviyadakı yerli seçkilərdə soydaşımız deputat seçilib

08.06.2021

Latviyada vilayətlər üzrə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə qalib gələnlər arasında soydaşımız da var.
2021-ci il 5 iyun tarixli seçkilərinin açıqlanan rəsmi nəticələrinə görə, soydaşımız Vüqar Ecmanis (İbrahimov) yenidən Valmeriya vilayət dumasına deputat seçilib. O, seçkilərdə Latviya Xristianlar İttifaqı Partiyasının namizədi kimi iştirak edib. Seçkilərə qədər şəhər dumasında kənd təsərrüfatı, nəqliyyat və biznes mühiti komitəsinin rəhbəri olub. Hazırda həmyerlimiz qarşıdan gələn mer seçkilərinə qatılmağı planlaşdırır.
Qeyd edək ki, Vüqar Ecmanis 1970-ci ildə Kürdəmirdə doğulub, 30 ildir Latviyada yaşayır. Avropanın bir neçə ölkəsində biznes layihələri həyata keçirib. 10 ilə yaxındır Valmierada azərbaycanlı icmasının fəaliyyətinin gücləndirilməsində fəal rol oynayır.
Diasporla İş üzrə Dövlət Komitəsi olaraq soydaşımızı seçkilərdə əldə etdiyi uğur münasibətilə təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.