Mayami şəhərində Respublika günü qeyd edilib

01.06.2021

Florida ştatında fəaliyyət göstərən Florida Azərbaycanlıları İcmasının təşkilatçılığı ilə Mayami şəhərində 28 may – Respublika gününə həsr edilmiş bayram tədbiri keçirilib.
Tədbirdə Türkiyənin Mayamidəki Baş konsulu Burc Ceylan, Sanni Aylz Biç (Sunny İsles Beach) şəhərinin hökumət nümayəndələri Kris Russo, Dana Robin Qoldman, Jenifer Viskarra, Florida–Türkiyə Amerikan Assosiasiyasının rəhbəri Mehmet Akcay və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər
Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Florida Azərbaycanlıları İcmasının rəhbəri Esmira Bayramova və digərləri çıxış ediblər. 103 il öncə Azərbaycanın dövlətçilik tarixində əlamətdar hadisənin baş verdiyi, bu il isə Respublika gününün ölkəmizin işğaldan azad edilmiş bütün torpaqlarında böyük sevinc hissi ilə qeyd edildiyi nəzərə çatdırılıb. Qonaqlar müsəlman Şərqində ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulmasının 103-cü ildönümü və ötən il II Qarabağ müharibəsində əldə etdiyimiz parlaq qələbə münasibətilə xalqımızı və ABŞ-da yaşayan soydaşlarımızı təbrik ediblər.
Tədbir konsert proqramı ilə yekunlaşıb.