ABŞ-ın Roli şəhərində Respublika Günü maraqlı aksiya ilə qeyd edilib

28.05.2021

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Şimali Karolina ştatında fəaliyyət göstərən "Azərbaycan Dostluq Təşkilatı"nın rəhbəri Adika İqbalın təşəbbüsü və təşkilatçılığı ilə Roli şəhərində 28 may – Respublika Gününə həsr olunmuş məlumatlandırıcı aksiya keçirilib.
Azərbaycan diaspor nümayəndələrinin iştirakı ilə başlayan aksiya zamanı Led ekranlarda "28 May – Azərbaycanın Respublika Günü" və "Şərqdə ilk demokratik respublika" sözlərinin yazıldığı yük maşınının hərəkəti təmin edilib. Şəhərin mərkəzi küçələrindən keçən maşının ekranında Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrinin, Xudafərin körpüsünün, hər guşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri ardıcıl olaraq bir-birini əvəz edib.